AZ

Aydın Mirzəzadə: “Erməni mühitinin bir hissəsi hələ fantaziyadan, özlərinin uydurduğu nağıldan ayıla bilməyib”

“France 24 kanalının müxbirinin verdiyi sual onu göstərdi ki, ermənilərin bir hissəsi hələ fantaziyadan, özlərinin uydurduğu nağıldan ayıla bilməyib. Ayılma çox çətin gedir. Onlar hələ də özlərini arxalarında Rusiya imperiyasının, Sovet İttifaqının durduğunu və bu baxımdan Azərbaycanın haqqının əllərindən almaq gücündə olduğunu düşünürlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin Münxendə Fransa telekanalına müsahibəsi zamanı müxbirin verdiyi “Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərə qarşı bir az mərhəmət hiss edirsinizmi?” sualına münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, zaman dəyişib, Azərbaycan müstəqilliyini maksimum gücləndirir, suverenliyini, hüququnu heç kəsə güzəştə getməyəcək: “Bunların içərisində şübhəsiz ki, dədə-baba torpağımız olan Qərbi Azərbaycana qayıtmaq hüququmuz da var. Bu məsələ ciddi şəkildə qoyulur. Ermənistan istəyir ki, Dağlıq Qarabağdan köçən ermənilər məsələsini Qərbi azərbaycanlılar məsələsindən ayırsın, ancaq bunlar bir məsələdir. Digər tərəfdən azərbaycanlılar Ermənistandan zorla çıxarıldılar. Kimsə onlara qalın, siz burda bələdiyyələrə seçiləcəksiniz, vətəndaşlığınız qorunacaq bəyanatlarını vermədi. Nə qədər insanlarımız, uşaqlar, qadınlar, yaşlılar həmin köçdə həlak oldular. Burada isə Azərbaycan dövləti onlara rəsmi müraciət etdi və nədənsə onlar qalmaq istəmədilər. Qalmaq istəməyən və bu gün qısa zamanda ya Ermənistan vətəndaşlığı alan yaxud Ermənistandan geri köçənlərin yenidən Azərbaycana qayıtması, sadəcə olaraq, Azərbaycana siyasi təzyiq vasitəsidir. Prezident İlham Əliyev Azərbaycanın haqqını çox uğurlu formada ermənipərəst qüvvələrə çatdırdı”.

 

Şəhanə Quliyeva

Tarix: 16 Fevral 2026, 15:07   
Seçilən
25
pravda.az

1Mənbələr