AZ

Azərbaycan-Fransa münasibətləri yeni mərhələyə keçid ərəfəsindədir - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan-Fransa münasibətləri hazırda yeni bir mərhələyə keçid ərəfəsindədir. Mövcud vəziyyəti daha çox durğunluq mərhələsi kimi xarakterizə etmək olar: münasibətlərdə irəliyə doğru ciddi dinamika müşahidə olunmur, eyni zamanda kəskin geriləmə ehtimalı da yüksək görünmür”.

Bunu Hafta.az-a siyasi şərhçi, Bakı-Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Ekspert hesab edir ki, Azərbaycan Prezidentinin "France 24" telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə əsasən, münasibətlərin gələcək inkişafı daha çox Fransanın atacağı addımlardan asılı olacaq. Rəsmi Bakının mövqeyinə görə, Fransa indiyədək Azərbaycana qarşı qeyri-dost münasibət sərgiləsə də, Azərbaycan tərəfi bir neçə dəfə əlaqələrin normallaşdırılması və inkişafı üçün imkan yaradıb.

“Xüsusilə, 30 illik işğal dövründə Fransanın Azərbaycana münasibətdə tutduğu mövqeyə baxmayaraq, Azərbaycan dialoq imkanlarını tam bağlamayıb. Hətta müharibə dövründə belə, münasibətlərin konstruktiv məcrada davam etdirilməsi üçün fürsətlər saxlanılıb. Müharibədən sonrakı mərhələdə regionda formalaşan sülh gündəliyi çərçivəsində də Fransanın prosesə daha fəal və balanslı dəstək verməsi üçün imkanlar mövcud olub. Lakin Azərbaycan tərəfinin qənaətinə görə, bu imkanlardan yetərincə istifadə edilməyib.”

Beləliklə, hazırkı mərhələdə Fransa-Azərbaycan münasibətlərinin perspektivi əsasən Fransanın gələcək siyasi kursundan asılıdır. Azərbaycan tərəfi Fransa ilə qarşıdurma xəttini seçmək niyyətində olmadığını bildirir və münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayır. Bununla belə, Fransadan Azərbaycanın suverenliyinə, regional gücünə və sülh təşəbbüslərinə hörmətlə yanaşılması gözlənilir.

Ekspert qeyd edib ki, həmin müsahibədə Prezident açıq şəkildə vurğulayıb ki, Fransaya dəfələrlə verilmiş imkanlara baxmayaraq, rəsmi Paris münasibətlərdə gərgin xətti üstün tutub. Əgər Fransa mövcud əməkdaşlıq potensialına lazımi dəyər verməzsə, Azərbaycan da öz milli maraqlarına uyğun addımlar atmaq hüququnu özündə saxlayır.

“Bununla yanaşı, hazırda Bakı daha çox təmkinli mövqe nümayiş etdirir və münasibətlərin sağlam əsaslar üzərində bərpası üçün Fransanın konstruktiv yanaşma sərgiləyəcəyinə ümid edir. Nəticə etibarilə, Fransa–Azərbaycan münasibətlərinin gələcəyi Fransanın nə dərəcədə praqmatik, balanslı və qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdəcəyindən asılı olacaq”, – deyə A.Quliyev bildirib.

Tahirə Qafarlı

Seçilən
20
hafta.az

1Mənbələr