AZ

Mediada bu məlumatları yayanlar həbs ediləcək – Ali Məhkəmə

Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə yalan məlumatın yayılması cinayət hesab ediləcək.

Vətəninfo.az  xəbər verir ki, Trend Ali Məhkəmənin müvafiq Plenum qərarı və Cinayət Məcəlləsinə istinad edərək bu qənaətə gəlib.

Mediada yalan məlumatın yayılması

Belə ki, Ali Məhkəmənin Plenum qərarına əsasən, yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəfini, ləyaqətini ləkələməsə də, onun şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb ola bilər.

Bildirilib ki, mediada nikahda olan şəxsin məhkəməyə nikahın pozulmasına dair ərizə ilə müraciət etməsi barədə yalan məlumatın yayılması buna misal ola bilər.

Şəxsi həyatın toxunulmazlığını pozma

Cinayət Məcəlləsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsi toxunulmazlıq hüququ

Konstitusiyaya əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var.

Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var./Trend.Az

Seçilən
33
15
veteninfo.az

10Mənbələr