AZ

"Müəllimlər ailədə yaşadıqları problemləri məktəbə daşımamalıdırlar" - Günay Kərimi

"Bu gün ailə qurduğumuz zaman biz mütləq şəkildə o ailədə doğulacaq uşaqların tərbiyəsini qabaqcadan düşünməliyik. Yəni mən bir valideyn olaraq ümumiyyətlə valideyn olmağa hazırammı? Valideyn olmaq nə deməkdir? Təkcə uşaq dünyaya gətirmək deyil, mən onu necə tərbiyə edəcəyəm, necə böyüdəcəyəm, onu cəmiyyətə necə yararlı bir övlad kimi yetişdirə biləcəyəmmi, bax, bu suallar gənclərimizin, ailə quran cütlüklərimizin qarşısında dayanmalıdır".

Bu fikirləri psixoloq Günay Kərimi övlad-valideyn münasibətləri mövzusunda Redaktor.az-a danışarkən bildirdi. O vurğuladı ki, ailə qurduğumuz və övlad sahibi olduğumuz zaman valideyn vəzifələrimiz ortaya çıxır:

"Bunların içində ən vacibi isə əlbəttə ki, uşağa doğru əxlaqın və tərbiyənin verilməsidir. Bu gün ailələrdə bir çox problemlərin yaranmasına səbəb odur ki, uşaqlar özlərinə yaraşmayan, valideynə və cəmiyyətə layiq olmayan davranışlar sərgiləyirlər. Məktəbdə, bəzən bağçalarda, universitetlərdə müxtəlif aqressiv reaksiyalar göstərə bilirlər. Təəssüf ki, bu hallar daha çox ailədə yaranan problemlərdən qaynaqlanır. Məsələn, natamam ailədə böyüyən uşaqların özünəməxsus problemləri olur. Valideynlərin bir-birinə qarşı münasibətinin düzgün olmaması, ailədə şiddət və zorakılıq, ayrı-seçkilik, bacı-qardaş arasında fərq qoyulması kimi hallar uşaqlara ciddi təsir göstərir. Müxtəlif səbəblərdən uşaqlarda aqressiya, inciklik hissi və ya depressiv hallar yarana bilir. Mənfi fikirlər formalaşa, zərərli vərdişlərə meyil yarana bilər. Bəzən evdən qaçma, ailədən uzaqlaşma, ailəni qəbul etməmə kimi reaksiyalar müşahidə olunur. Təəssüf ki, uşaqlar evdə yaşadıqları vəziyyətə uyğun davranırlar. Burada isə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər uşağa doğru əxlaq öyrətməli, düzgün tərbiyə verməli, vicdanlı və mərhəmətli olmağı aşılamalıdırlar. Onlar dini dəyərləri izah etməli və yaş dövrlərinə uyğun tərbiyə üsulları tətbiq etməlidirlər. Uşaq müəyyən yaş həddinə çatana qədər bu dəyərlər onda formalaşdırılmalıdır ki, o, cəmiyyətə yararlı şəkildə böyüsün".

Müsahibimiz qeyd etdi ki, problemlər uşaqlarda böyük aqressiyaya səbəb olur. Onun sözlərinə görə, bu aqressiya bağçada, məktəbdə, universitetdə və gənclik dövründə müxtəlif formalarda özünü göstərə bilir.

"Bu gün məktəblərimizdə uşaqlar arasında ayrı-seçkilik hallarına da rast gəlinir. Müəllimlər bəzən hazırlaşdırdıqları şagirdlərə üstünlük verir, digərlərini isə müqayisə edir və fərqləndirirlər. Sinifdə uşaqların alçaldılması, təhqir olunması, bəzən şiddət və ya nalayiq ifadələrin işlədilməsi hallarına sosial şəbəkələrdə də rast gəlirik. Halbuki müəllim valideyndən sonra uşağa tərbiyə və əxlaq aşılayan ikinci əsas şəxsdir. “Müəllim” adı sadəcə dərsi deyib maaş almaq üçün deyil. Müəllim ilk növbədə uşağa doğru insan olmağı və düzgün davranmağı öyrətməlidir. Əgər uşaq evdə problem yaşayırsa, müəllim bunu hiss etməli, ona daha anlayışlı və mehriban yanaşmalıdır. Müəllimlik çox çətin və məsuliyyətli peşədir. Təəssüf ki, bəzi hallarda müəllimlərin uşaqlarla düzgün davranmaması onların aqressiyasını daha da artırır və sinif yoldaşları ilə münasibətlərinə mənfi təsir göstərir. Bu gün məktəb psixoloqları fəaliyyət göstərsə də, bəzi hallarda onlar öz funksiyalarını tam yerinə yetirmirlər. Halbuki psixologiya insan zehni ilə işləyən çox həssas bir sahədir. Məktəbdə problemli uşaq olduqda bunu müəllimlər və şagirdlər hiss edir. Belə hallarda psixoloq həmin uşaqla fərdi şəkildə işləməli, valideyni məlumatlandırmalı, varsa zərərli vərdişləri barədə ailəni xəbərdar etməlidir. Müxtəlif yaş dövrlərinə uyğun olaraq ibtidai və yeniyetmə siniflər üçün fərqli təlimlər keçirilməlidir. Narkomaniya, əxlaq-tərbiyə, zərərli vərdişlər, valideyn-övlad münasibətləri ilə bağlı maarifləndirmə aparılmalı, valideynlərlə mütəmadi görüşlər təşkil olunmalıdır", - deyə Günay Kərimi əlavə etdi.

Psixoloq nəzərə çatdırdı ki, müəllimlər ailədə yaşadıqları problemləri məktəbə daşımamalıdırlar:

"Çünki şəxsi problemlər onların əhval-ruhiyyəsinə təsir edir və bu təsir sinif otağında uşaqlara ötürülür. Sinifdə 30-40 şagirdin qarşısına çıxan müəllim qeyri-peşəkar davranarsa, bu, uşaqlarda da aqressiya yarada bilər. Bu, həm kollektivdə, həm də şagirdlərlə münasibətdə mənfi nəticələrə gətirib çıxarır. Problemlər çoxdur, xüsusilə də məktəblərdə. Amma yenə də qeyd edirəm ki, tərbiyə ailədən başlayır. Əxlaqlı və düzgün tərbiyə görmüş uşaq məktəbdə problem yaşasa belə, öz dəyərlərinə uyğun davranacaq. Əgər valideynlə münasibəti sağlamdırsa, o, problemini ailəsi ilə bölüşəcək və çıxış yolu axtaracaq, nəinki aqressiv davranış sərgiləyəcək.

Buradan həm məktəblərə, həm valideynlərə, həm də məktəb psixoloqlarına səslənmək istəyirəm: gəlin uşaqları Azərbaycan övladları kimi layiqincə böyüdək, onları mərhəmətli və xeyirxah edək. Məktəblərdə din dərslərinin keçirilməsi də vacibdir. Uşaqların maraq dairəsinin geniş olduğu bir dövrdə onlara dini və mənəvi dəyərlər düzgün şəkildə izah edilməlidir. Texnologiya dövründə uşaqlar şiddət və zorakılıq elementləri olan oyunlarla qarşılaşırlar. Bu oyunlar dəfələrlə təkrarlandıqca şiddət onlara adi görünə bilər və bu da qəddarlığın formalaşmasına səbəb ola bilər.

Bu baxımdan dini dəyərlərin, xüsusilə İslam dininin mahiyyətinin, mərhəmət və xeyirxahlıq prinsiplərinin uşaqlara düzgün şəkildə aşılanması vacibdir. Bu, onların aqressiyasını idarə etməsinə və mənfi təsirlərdən uzaq durmasına kömək edə bilər. Sonda bir daha qeyd etmək istəyirəm, gəlin hər bir uşağa öz övladımız kimi yanaşaq. Çünki bu gün böyüyən hər bir uşaq sabah bizim övladımızın dostu, həyat yoldaşı və ya yaxın çevrəsi olacaq. Ona görə də bütün uşaqları cəmiyyətimizə sağlam və layiqli vətəndaş kimi yetişdirməyə çalışaq".

Nuriyyə NATİQQIZI

Seçilən
85
1
redaktor.az

2Mənbələr