AZ

Direktor: ADAU-nun İnnovasiyalar Mərkəzində startapların saynın 20-yə çatdırılması planlaşdırılır

Bakı, 16 fevral, Pərvanə Qafarova, foto - Azər İbrahimov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi regionda startap ekosisteminin inkişafına dəstək göstərir, gənc sahibkarları inkubasiya proqramları və praktiki təcrübələrlə təmin edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərkəzin direktoru Elvin Ağayev bildirib.

O qeyd edib ki, ADAU-nun İnnovasiyalar Mərkəzi 2018-ci ildən startap ekosistemində fəaliyyət göstərir, 2023-cü ildən isə rəsmi regional fəaliyyətə başlayıb. 2025-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin və İnnovasiyalar fakültəsinin dəstəyi ilə böyük texnopark yaradılıb və Azərbaycan İnnovasiyalar Mərkəzi startapların inkubasiya mərkəzinə çevrilib: “Bizim startaplar inkubasiya prosedurlarından keçərək real bazar şəraitində özünü sınayır və müəyyən müddətdən sonra bazarlarını inkişaf etdirməyə başlayır. Hazırda mərkəzdə 8 startap fəaliyyət göstərir, ilin sonuna qədər bu rəqəmin 20-yə çatdırılması planlaşdırılır. Startapların əsas istiqaməti aqrar sahədir, lakin digər sahələr üzrə də layihələr dəstəklənir. İlin sonuna qədər startapların 50 faizi aqrar, 50 faizi isə digər sektorlar üzrə fəaliyyət göstərəcək”.

Elvin Ağayev əlavə edib ki, mərkəzdə hakatonlar keçirilir və Startup Məktəbi də fəaliyyət göstərir. Burada iştirakçılar mentorluq dəstəyi alır, öz ideyalarını komandada reallaşdırır və praktik bacarıqlarını inkişaf etdirirlər. “Belə təşəbbüslər gənclərin sahibkarlıq bacarıqlarını artırmaqla yanaşı, Azərbaycan startap ekosisteminin güclənməsinə də mühüm töhfə verir”, - deyə o diqqətə çatdırıb.

Seçilən
128
3
azertag.az

4Mənbələr