Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu sayılmaqla, yaşayış minimumunun hesablanması üçün əsas sosial göstərici hesab olunur. Ölkəmizdə minimum istehlak səbətinin tərkibinə sonuncu dəfə 2014-cü ildə baxılıb.
Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə dair qanun layihəsinə əsasən, ölkəmizdə minimum əməkhaqqının məbləğinə yaşayış minimumu ilə ehtiyac meyarına olduğu kimi ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bu, dövlət büdcəsi üçün əlavə yük yaratmayacaq ki? Xeyr. Çünki, son illər ölkədə minimum aylıq əməkhaqqının artımı gəlirləri büdcədən asılı olan muzdlu işçilərin hamısına təsir etmir. Məsələn, orta təhsil müəssisələrində çalışan müəllimlərin maaşları ayrı mexanizm əsasında tənzimlənir. Və yaxud, bir sıra dövlət və hökumət orqanlarının tabeliyində, o cümlədən ayrıca fəaliyyət göstərən publik hüquqi şəxs statuslu qurumlarda çalışanların əməkhaqqları da 19 pilləli vahid tarif cədvəli əsasında hesablanmır və artmır.
Düzdür, bu sahələrdə də minimal maaş ölkə üzrə müəyyən edilən həddən aşağı ola bilməz və minimum aylıq əməkhaqqı artırılan zaman onlarda da aşağı məbləğdə olan maaşlar artır. Lakin bu, təkrar edirəm, yuxarı maaş alanların aylıq əməkhaqqlarına təsir etmir. Qeyd olunan cəhət bəlkə də məqbul haldır. O baxımdan ki, ölkə üzrə aşağı əməkhaqqı səviyyəsi artırıldıqca minimum maaş həddi orta aylıq əməkhaqqının səviyyəsinə cüzi də olsa yaxınlaşır. Bu məsələnin özü də ciddi yanaşma tələb edir. Ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqı həddini orta aylıq əməkhaqqı səviyyəsinin 60%-nə çatdırmağı öhdəlik olaraq götürüb. Hazırda isə sözügedən rəqəm heç 37% təşkil etmir.
Digər məqam da var. O da bundan ibarətdir ki, minimum aylıq əməkhaqqının artımı ən aşağı əməkhaqqı alan işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü və xərclərini yüksəldir. Söhbət onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir. Məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Sığortaedənin ödədiyi sığorta haqqı əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i, sığortaolunan üzrə isə işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3%-i həcmində təşkil edir. Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır.
Hesab edirəm, minimum aylıq əməkhaqqına hər il yenidən baxılacağı təqdirdə işəgötürənlərin və yaxud da işçi götürmədən fərdi sahibkarlıqla məşğul olanların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin yüksəlməsi qarşısı da alınmalı və ölkə üzrə ən aşağı maaş alanların gəlirləri daha yaxşı şəkildə qorunmalıdır.
Nəhayət, üçüncüsü... Ölkəmizdə də saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi getdikcə daha çox zəruri görünür. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il iyul ayının 1-dək müvafiq təkliflər hazırlanıb veriləcəyi bildirilsə də, hələ ki əlavə məlumat yoxdur.
Sonda qeyd edim ki, minimal maaş deyilən bir şey əgər həqiqətən də ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı məbləği sayılırsa, sözügedən göstərici bunu tam ehtiva etməlidir. Bu mənada o, aylıq deyil, iş saatına görə ödənilsə yaxşıdır.

Pərviz Heydərov
Azvision.az üçün