AZ

Manaf Manafov: "Azərbaycan artıq regional təşəbbüslərin iştirakçısı deyil, onların müəlliflərindən biridir"



“Fevralın 14-də Munich Security Conference çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr bir daha göstərdi ki, Azərbaycan artıq regional təşəbbüslərin iştirakçısı deyil, onların müəlliflərindən biridir. Prezident İlham Əliyevin çıxışı Orta Dəhlizin təkcə alternativ marşrut deyil, uzunmüddətli geoiqtisadi strategiya olduğunu əsaslandırdı. Son illər qlobal logistika zəncirlərində yaranan qeyri-müəyyənlik Avropa ilə Asiya arasında şaxələndirilmiş və dayanıqlı bağlantılara ehtiyacı artırıb. Azərbaycan bu reallığı vaxtında dəyərləndirərək fiziki infrastruktura – limanlara, dəmir yollarına, avtomobil magistrallarına və hava nəqliyyatına böyük sərmayələr yatırıb. Coğrafi mövqe üstünlükdür, lakin onu real gücə çevirən məhz infrastruktur və siyasi sabitlikdir. Ölkənin ötən il tranzit daşımalarında rekord göstəricilərə çatması, yaxın perspektivdə isə bu həcmin bir neçə dəfə artırılmasının planlaşdırılması Bakının strateji baxışının nəticəsidir. Liman güclərinin genişləndirilməsi və Xəzərin dibi ilə fiber-optik kabel layihəsi isə Orta Dəhlizi yalnız nəqliyyat deyil, həm də rəqəmsal bağlantı platformasına çevirir. Burada əsas məqamlardan biri Azərbaycanın balanslaşdırılmış xarici siyasətidir. Qərb və Şərq istiqamətlərində etibarlı tərəfdaş münasibətləri qurulmadan regional qovşağa çevrilmək mümkün deyil. Bakı məhz bu modeli formalaşdırıb: Mərkəzi Asiya ölkələri, Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlıq fonunda Avropa bazarlarına çıxış təmin olunur. Bu, Şimal marşrutuna alternativ olmaqla yanaşı, qlobal ticarət üçün əlavə təhlükəsizlik yastığı yaradır.”

Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, paneldə diqqət çəkən digər mühüm xətt sülh prosesi ilə nəqliyyat-kommunikasiya layihələri arasında qurulan üzvi əlaqə idi: “Ötən ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar və “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim edilən təşəbbüs yeni regional konfiqurasiyanın konturlarını müəyyənləşdirir. Bu marşrutun Çin – Mərkəzi Asiya – Trans-Xəzər – Azərbaycan – Ermənistan – Naxçıvan – Türkiyə – Avropa xəttini əhatə etməsi Cənubi Qafqazı qlobal inteqrasiyanın mərkəzi halqasına çevirə bilər. Ən diqqətəlayiq məqam isə ondan ibarətdir ki, sülh artıq abstrakt çağırış deyil, faktiki reallıq mərhələsinə keçib. Sərhəddə sabitliyin təmin olunması, qarşılıqlı ticarətin başlanması və enerji təchizatı sahəsində əməkdaşlıq etimadın praktik əsaslarını formalaşdırır. Rəsmi sənədin imzalanması üçün hüquqi maneələrin aradan qaldırılması zəruridir, lakin mövcud dinamika göstərir ki, tərəflər qarşıdurma səhifəsini bağlamaqda qərarlıdır. Beləliklə, Münxen panelində cənab Prezident İlham Əliyevin səsləndirdiyi tezislər Azərbaycanın regional siyasətinin iki dayağını aydın göstərdi: açıq və şaxələndirilmiş dəhliz strategiyası, həmçinin davamlı sülhə hesablanmış inteqrasiya modeli. Əgər bu xətt qorunarsa, Cənubi Qafqaz uzun illər münaqişə məkanı kimi deyil, əməkdaşlıq və tranzit mərkəzi kimi xatırlanacaq. Azərbaycan isə həmin transformasiyanın əsas təşəbbüskarlarından biri kimi tarixə düşəcək” – deyə, Manaf Manafov fikirlərini tamamlayıb.



Seçilən
45
aia.az

1Mənbələr