AZ

Prezidentin separatçı fiqurlarla bağlı səsləndirdiyi fikirlər ciddi mesajdır - Rəy

Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib. Müxbir ölkəmizdə hərbi məhkəmənin Qarabağ bölgəsindən olan 13 şəxsə ağır həbs cəzası, o cümlədən keçmiş liderə ömürlük həbs cəzası verməsinə dair qərara toxunub. Eyni zamanda, ABŞ-ın vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığını və bölgədə sülhə nail olunması məqsədilə Prezident İlham Əliyevdən onları əfv etməsini istədiyinə dair məlumatların olduğunu bildirib. Daha sonra belə bir sual ünvanlayıb: “ABŞ vitse-prezidenti bunu edibmi və Siz bunu edəcəksinizmi?” Prezident İlham Əliyev bildirib ki, vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırılıb və o, bununla bağlı Azərbaycanın mövqeyini ifadə edib, vəssalam. Müxbirin “Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər hər hansı bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir” sualına Prezident belə cavab verib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün nasist liderlərini təsəvvürünüzə gətirin. İki aydan sonra kimsə gəlib deyəcək ki, xahiş edirəm, onları azad edin?”

Müxbirin sualları və verilən cavablar nəyi ifadə edir? Fransalı müxbir cinayətkarların əfvi məsələsini gündəmə gətirməklə hansı vəziyyəti yaratmağa çalışırdı və verilən cavabları necə dəyərləndirmək olar?

Bu istiqamətdə Hafta.az-a açıqlama verən siyasi ekspert Azər Hüseynov bildirib ki, dövlət başçısının Fransa mətbuatına verdiyi müsahibədə separatçı fiqurlarla bağlı səsləndirdiyi fikirlər həm hüquqi, həm də siyasi baxımdan ciddi mesaj kimi qiymətləndirilə bilər. O, bu şəxslərin mühakiməsini simvolik olaraq İkinci Dünya müharibəsindən sonra nasist cinayətkarlarının məsuliyyətə cəlb edildiyi Nürnberq məhkəmələri ilə müqayisə edib. Bu bənzətmə təsadüfi deyildi. Məqsəd törədildiyi iddia olunan əməllərin miqyasını və məsuliyyət prinsipinin universallığını vurğulamaq idi.

A. Hüseynov qeyd edib ki, açıqlamada diqqət çəkən əsas məqamlardan biri həmin şəxslərin Ermənistana təhvil verilməsi ehtimalının faktiki olaraq sıfır olduğunun bildirilməsi olub:

“Burada söhbət üçüncü ölkədən yox, məhz Ermənistandan gedir. Mövqe ondan ibarətdir ki, əgər ittiham edilən şəxslər Azərbaycan ərazisində və Azərbaycan vətəndaşlarına qarşı ağır cinayətlər törətməkdə suçlanırlarsa, onların mühakiməsi də Azərbaycan məhkəmələri tərəfindən aparılmalıdır. Bu yanaşma suverenlik prinsipinin və milli yurisdiksiyanın qorunması kimi təqdim edilir. Verilən mesaj təkcə hüquqi prosedur məsələsi deyil. Bu, uzun illər ərzində formalaşmış ictimai ədalət tələbinin ifadəsi kimi də qiymətləndirilir. Cəmiyyət üçün bu proses sadəcə fərdlərin mühakiməsi deyil, tarixi yaddaşın və hüquqi ədalət anlayışının kəsişdiyi nöqtədir. Eyni zamanda, bu açıqlama beynəlxalq müstəviyə də ünvanlanmış mesaj xarakteri daşıyır. Etnik zəmində zorakılıq, separatizm və ya silahlı fəaliyyət yolu ilə nəticə əldə etməyə çalışan istənilən qrup üçün prinsip açıq şəkildə ifadə olunur: zaman keçməsi məsuliyyəti aradan qaldırmır. Hüquqi mexanizmlər gec işləyə bilər, lakin tamamilə dayanmaz. Bundan sonrakı mərhələlər isə, şübhəsiz ki, dövlətin strateji maraqları və beynəlxalq hüquq çərçivəsi nəzərə alınaraq müəyyənləşdiriləcək”.

Tahirə Qafarlı

Seçilən
70
hafta.az

1Mənbələr