ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Gənc olsaydı, ötüb keçmək olardı. Hardasa adi yanlışlıq kimi qəbul edilərdi. Axı yetmiş yaşlı, flaqman iddiasında israrlı olan qocaman AzTV-nin belə diqqətsizliyini bağışlamaq olmur.
Düz üç sutkadır tamaşaçıları aparıcılarının dilindən “Münxen” eşitməkdən yorub.
Eşitmək bir tərəfə, hələ titrlərdə də şəhərin adını “Münxen” yazıb nümayiş etdirməkdən bezmədi ki…
Ay hörmətli AzTV redaktorları!
Axı bu alman şəhəri “Münxen” yox, “Münhen” yazılmalıdır.
Görəsən, AzTV redaktorları rus dilindən dilimizə pərçim olmuş yanlışlığı təkrarlamaqla peşəkarlıqlarının aşağı olmasını anlayacaq iqtidarda deyillər?
Etiraf edək ki, bəzi məqamlarda gülünc durumda olduqlarının da fərqində olmurlar.
Aparıcısı bir veriliş boyu onlarla dəfə təkcə bir şəhərin adında təhrifə yol verir. Ardınca da dilimizin saflığının qorunması haqqında uzun-uzadı söylənən nitqlərin ardıcıllığını tamaşaçıya nümayiş etdirir.
Baş açmaq olmur, bu nə cür peşəkarlıqdır? Daha doğrusu, peşəkar olmaları barədə iddialılıqdır.
İlk baxışdan adi görünsə də, əslində qeyd olunan nüans çox ciddi məsələdir. Dövlət televiziyası dövlətin dilində heç bir təhrifə yol verməməlidir.
Səriştə və məsuliyyətin ən kiçik məqamlarda belə arxa plana keçməsini bağışlamaq olmur. Vallah, olmur. Dövlətin televiziyası əslində bütünlüklə xalqın televiziyasıdır. Xalqın dilinə isə heç bir lüzum olmadığı halda yad ünsürləri pərçim etmək məsuliyyətsizlikdir.
Pərviz Yəhyalı
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.