AZ

Azərbaycan Balkan ölkələri üçün mühüm tərəfdaşdır

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin xarici siyasət uğurları təkcə diplomatik bəyanatlarla deyil, eyni zamanda real əməkdaşlıq layihələri, iqtisadi inteqrasiya və geosiyasi balansın düzgün qurulması ilə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına etdiyi səfər xüsusi əhəmiyyət kəsb edir. Sözügedən səfər həm siyasi müstəvidə, həm də iqtisadi və enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa məkanında mövqelərinin möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Azərbaycan və Serbiya arasında münasibətlər tarixi köklərə söykənməklə yanaşı, son illərdə daha sistemli və praqmatik istiqamətdə inkişaf etməkdədir. Prezident İlham Əliyevin Serbiyaya səfəri bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, Balkan regionunda Azərbaycanın nüfuzunun artmasının da göstəricisidir.

Prezident İlham Əliyevin Serbiya səfəri ilk növbədə siyasi baxımdan mühüm diplomatik mesaj daşıyır. Serbiya Balkanlarda regional çəkisi olan, Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə çalışan, eyni zamanda öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi tanınır. Azərbaycanın Serbiya ilə münasibətləri genişləndirməsi, faktiki olaraq, Balkan regionunda strateji mövcudluğunu gücləndirməsi deməkdir.

Bu səfər bir daha sübut etdi ki, Azərbaycan yalnız regional güc deyil, həm də Avropa məkanında etibarlı tərəfdaş kimi qəbul olunur. Serbiya ilə qurulan münasibətlər Azərbaycanın Avropa diplomatiyasında yeni imkanlar qazanmasına, Avropanın enerji və nəqliyyat xəritəsində rolunun artmasına xidmət edir.

Siyasi baxımdan səfərin ən mühüm tərəflərindən biri də qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipinin möhkəmləndirilməsidir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, xüsusilə də ərazi bütövlüyü məsələsində prinsipial yanaşması Serbiya üçün də tanış və aktual mövzudur. Çünki Serbiya da öz ərazi bütövlüyü məsələlərində həssaslıq göstərən dövlətdir. Bu oxşar mövqelər iki ölkə arasında siyasi yaxınlaşmanı sürətləndirən amillərdən biridir.

Eyni zamanda, səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər Azərbaycanın balanslı xarici siyasət xəttinin növbəti təzahürü kimi qiymətləndirilə bilər. Azərbaycan həm Şərq, həm Qərb, həm də Avropa məkanı ilə paralel əməkdaşlıq qurmaqla beynəlxalq siyasətdə müstəqil mövqeyini qoruyur və möhkəmləndirir.

Prezident İlham Əliyevin Serbiya səfərinin ən mühüm iqtisadi və geosiyasi aspektlərindən biri enerji əməkdaşlığıdır. Bu gün Avropada enerji təhlükəsizliyi məsələsi prioritet mövzulardan biridir. Xüsusilə qlobal enerji böhranları, bazar dəyişiklikləri və geosiyasi risklər fonunda etibarlı enerji mənbələrinə çıxış Avropa dövlətləri üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycan bu sahədə Avropanın etibarlı tərəfdaşı kimi tanınır. Cənub Qaz Dəhlizi layihəsi və Azərbaycan qazının Avropa bazarlarına çıxarılması Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nəticələrindən biridir. Serbiya üçün Azərbaycan qazı alternativ və təhlükəsiz enerji mənbəyi kimi böyük əhəmiyyət kəsb edir.

Bu səfər Azərbaycanın Avropanın müxtəlif siyasi blokları və regional mərkəzləri ilə münasibətləri genişləndirmək istiqamətində atdığı addımlardan biridir. Balkan regionu Avropa İttifaqına inteqrasiya prosesində olan dövlətləri özündə birləşdirdiyi üçün, Azərbaycan burada siyasi təsir imkanlarını artırmaqla gələcəkdə Avropa bazarlarında daha güclü mövqelərə sahib ola bilər.

Əminə Ağazadə,

Milli Məclisin deputatı

Seçilən
13
3
ikisahil.az

4Mənbələr