AZ

“Azərişıq” Lerikdə olan problemə  MÜNASİBƏT BİLDİRDİ

Xəbər verdiyimiz kimi, Lerik rayonunun Nücü kəndində ətrafı budaqlarla dolu olan, qırılmış taxta işıq dirəyinin “Azərişıq” ASC əməkdaşları tərəfindən vaxtında yenisi ilə əvəzlənməməsi və yaxınlıqdakı ağaca bərkidilməsi təhlükə mənbəyinə çevrilmişdi.

Patrul.az problemi işıqlandırdıqdan sonra “Azərişıq” ASC-dən bildirilib ki, Lerikdə hava şəraitinin kəskin olması səbəbindən bəzi ərazilərin elektrik şəbəkəsində bu istiqamətdə problemlər yaşanır:
“Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır. Şaxtalı, qarlı hava şəraitində bütün çətinliklərə baxmayaraq, “Azərişıq” ASC-nin əməkdaşları qəzanı aradan qaldırmaq üçün bir neçə gün fasiləsiz çalışıb, rayon mərkəzlərində və əksər kəndlərdə elektrik enerjisinin verilişi qısa vaxt ərzində təmin olunub”.
Qurumdan bildirilib ki, Nücü kəndində də işıq dirəyinin qırılmasına səbəb məhz ağır qarlı hava şəraiti olub. “Azərişıq” ASC sözügedən ərazidə problemin tam aradan qaldırılması üçün layihələndirmə işlərinin aparıldığını qeyd edib:
“Qarlı-şaxtalı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində Lerikin Nücü kəndində də elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kənddə yağan qarın şiddəti nəticəsində elektrik dirəyi qırılaraq aşıb. Ərazidə təmir-bərpa işləri həyata keçirilsə də, xəttin yenilənməsinə və yeni dayaqların basdırılmasına ehtiyac yaranıb. Bu səbəbdən layihələndirmə işləri aparılıb. Yaxın gələcəkdə ərazidə elektrik şəbəkəsi tamamilə yenilənəcək”.
Qurum həmçinin Lerikdə bu istiqamətdə ümumilikdə yenidənqurma işlərinin aparıldığını, xüsusilə Lüləkəran, Züvüc və Zövnə kəndlərində elektrik şəbəkəsinin yeniləndiyini bildirib:
“Qeyd edək ki, Lerikdə yenidənqurma işləri hazırda da davam etdirilir. Rayonun Lüləkəran, Züvüc və Zövnə kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib, şəhər ərazisində köhnəlmiş elektrik dayaqları və xətlər yenisi ilə əvəz olunub. “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir-bərpa və yenidənqurma işləri abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib”, – qurum əlavə edib.

Seçilən
39
yenilik.az

1Mənbələr