Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
“Yeni Sabah” Eldar Əzizov tərəfindən töhmətlə cəzalandırılan Adil Əliyevlə bağlı maraqlı məqamları təqdim edir:
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır.
1992-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasından məzun olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasında təhsil alıb.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı olub.
2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib.
2020-ci il martın 10-da Milli Məclisi Sədr müavini seçilib. Elə həmin tarixdə parlamentin Gənclər və idman komitəsinin sədri təyin olunub.
Prezident İlham Əliyevin 2024-cü il iyulun 8-də imzaladığı sərəncamla Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ailəlidir, üç övladı var.
Adil Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin keçmiş müdiri, ədliyyə nazirinin keçmiş müavini, Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq müdiri, 2023-cü ildən Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri, general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.