AZ

Bakıda kanalizasiyaya düşən oğlanın ölüm işi: "Oğlum ora niyə gedib, mənə qaranlıqdı" - MƏHKƏMƏ

BAKI, 17 fevral. TELEQRAF

Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Azər Cümşüdov arayiş verib. Bildirib ki, bundan əvvəlki iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Abbasova yas məclisi ilə bağlı açıqlama verib: "Vidadi Abbasov tərəfindən yeyib-içmək verilməsi barədə dedikləri həqiqəti əks etdirmir. Mənim də iştirak etdiyim həmin yas məclisində 2 min adam iştirak edib. Yas el adətlərinə uyğun aparılıb. Allah rəhmət eləsin, mən Fəridə xanımın həyat yoldaşının da yasında iştirak etmişəm".

Daha sonra mərhumun anası Fəridə Abbasova ifadə verib. O, şikayətçi olduğunu, bu hadisənin bütün günahkarının qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyib.

Fəridə Abbasovanın sözlərinə görə, məlum hadisə günü, yəni iyunun 26 qeyri-iş günü olub: "Biz də həmin günü evdə olmuşuq, istirahət etmişik. Mən həmin gün qızımgilə gedəcəkdim. Bundan əvvəl oğlumu bəzi şeylər almaq üçün mağazaya göndərdim. Xeyli vaxt keçsə də, oğlum geri qayıtmadı. Namaz vaxtına qədər oğlumu gözlədim. Azan verildi, namazımı qıldım.

Daha sonra oğluma zəng etdim, ona zəng çatmadı. Oğlum belə məsuliyyətsiz deyildi. 100 dəfə səs atdım, cavab olmadı. Narahat oldum, axşam saat 12-yə qədər gözlədim. Daha sonra qaynım oğluna dedim. O da dostları ilə əlaqə saxladı. Onların heç biri ilə görüşmədiyi məlum oldu. Mənim içimdə bir hiss oyandı ki, nəsə problem var. Bundan sonra qohumlar yığışdılar, axtarışa başladıq. Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxladıq. Səhərə qədər gozlədik, amma xəbər çıxmadı.

Səhəri gün polis bölməsinə getdik. Oradan bizə Binəqədidə Polis İdarəsinə göndərdilər. Məndən ağız suyundan test götürdülər. Daha sonra bizi Nərimanov Rayon Prokurorluğuna çağırdılar. Ora gedəndən sonra nə baş verdiyini anladım".

Fəridə Abbasova daha sonra ifadəsində göstərib ki, qaynı Vidadi Abbasov ondan şikayətçi olmamasını tələb edib: "Mən özüm yas vermək fikrim yox idi. Fikirləşirdim ki, kim istəsə, evimə gələr. Amma qaynım mənimlə məsləhətləşmədən iyulun 1-də yas verdi. Oğlumun üç mərasimi iyunun 30-da olsa da, qaynım özü "Badamlıq" mərasim evində iyulun 1-də mənim xəbərim olmadan yas məclisi təşkil etdi.

Mənim özümün yas verməyə gücüm çatırdı. Amma yas vermək istəmirdim. Evimə də yoldaşım tərəfdən heç kim gəlmədi. Qaynının oğlu Emin gəldi. Ona dedim ki, yas verməyə gücüm çatır, nə xərclənib, pulunu verim. Oğlumun toyu da, yası da budur".

Zərərçəkmiş şəxsin hüquqi varisi daha sonra deyib ki, Emin gəlib və onunla getməyini istəyib: "Dedi ki, dur mənimlə gedək, "Azərsu"yun işçiləri də ordadı. Mən ona dedim ki, getmirəm, yas öz evimdədir. Oğlumun ruhu da burdadır. Onunla aramızda mübahisə yarandı. Mənə dedi ki, getməsən, sən də, qızın da bizim üçün öləcək. Emin dedi ki, 30 min pul verilib, o pul da yada xərclənib. Həmçinin bildirdi ki, baş daşı pulunun yarısını sən, yarısını da biz qoyaq, baş daşını düzəldək".

Sorğu-sual zamanı Fəridə Abbasova deyib ki, onların yaşadıqları evlə hadisə baş verən ünvan uzaq olub: "Oğlum evdən mağazaya getmək üçün çıxmışdı. Ora niyə gedib, bu mənim üçün də qaranlıqdır. Ehtimal edirəm ki, oğlum həmin yerə maşın ustası yanına gedib. Hadisədən əvvəl maşınla gələndə oğlum dedi ki, maşının tormozu yaxşı işləmir. Ona görə də ora usta yanına getdiyini ehtimal edirəm".

Fəridə Abbasova deyib ki, daha sonra oğlunun ölümü ilə bağlı şilayştçi olub: "Bundan sonra qaynımla aramız dəydi. Mənə bildirdi ki, o vaxt ərim öləndə 2 qəbr yeri almışdı. Halbuki onun pulunu da ərimin yasından artıqlaması ilə götürmüşdü. Buna baxmayaraq mənə dedi ki, atasının qəbrinin yanından oğlunun meyitini çıxart. Dedi niyə şikayətçi oldun, qadın kimi otur yerində".

Daha sonra şahid qismində Bakı Su Kanalı İdarəsinin təmir tikinti şöbəsinin rəisi Yaşar Əhmədov ifadə verib. Onun sözlərinə görə, üəza baş verən kimi Azər Cümşüdovu həmin əraziyə göndərib: "Hadisədən əvvəl həmin yerdə məhəccərlər qoyulub, təhlükəsizlik lenti çəkilmişdi. Həmin konstruksiyanı oradan kimin götürdüyünü araşdırmaq lazımdır. Hadisə baş verən ərəfədə oraya özüm getməmişəm, Azər Cümşüdov gedib, şəkillərini çəkərək mənə atıb. Təhlükəsizlik ləvazimatları qoyulan əraziyə nəzarət etmək bizim vəzifəmiz deyil, oraya xətt baxıcıları nəzarət etməlidir".

Yaşar Əhmədov qeyd edib ki, hadisə baş verən ərazinin təmiri üçün material gec verilib: "Ərazinin təmiri üçün materialın verilməsi bir aydan çox çəkdi. 2011-ci ildən bu strukturda işləyirəm. Adətən qəza yerlərinin təmiri üçün materialın verilməsi çox çəkməzdi. Elə olur ki, təqdimat yazırsan, növbəti gün material verilir. Bəzən materialın verilməsi çox çəkir".

Şahidin sözlərinə görə, həmin ərazidə kanalzasiya xəttinin üzərində qanunsuz olaraq mağazalar tikilib. O deyib ki, qurumun hüquqşünasları bu mağazaların burada yerləşməsinin təhlükəli olduğunu obyekt sahiblərinə mütəmadi olaraq bildirir.
Növbəti proses martın 3-də davam edəcək.

Qeyd edək ki, ötən il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.

Seçilən
100
7
teleqraf.com

10Mənbələr