Son zamanlar sosial şəbəkələrdə ruzinin çoxalma yolu ilə bağlı bir sıra videolar çəkilib, paylaşımlar edilir. Pulqabının qırmızı rəngdə seçilməsi, içərisinə dəfnə yarpağının qoyulmasının ruzini artıracağını bildirirlər.
İlahiyyatçı Fazil Əhməd Pravda.az-a açıqlamasında deyib ki, bu cür inanclar əksər zaman doğru inanc hesab edilmir:
“İnsanın ruzisi şəraitə, zəhmətinə, ailəyə, valideynə münasibətinə bağlıdır. Son bir ildə ailə münasibətlərində bunu təbliğ edirəm ki, insan ailəsi ilə necə rəftar edirsə, ruzisi bundan çox asılıdır. Məsələn, işdən gəldikdən sonra da şəxsin axşam ailəsi, uşaqları ilə rəftarı, səhər işə necə yola salınması, münasibəti və s. bunlar gündəlik ruziyə təsir edir. İstər valideyn sağ, istər ölmüş olsun, tez-tez yada salmaq da təsir göstərir”.
F.Əhməd bildirib ki, pulqabının qırımızı olması, dəfnə yarpağının qoyulması kimi hərəkətlər sınaqlardır: “Məsələn, deyirlər “mənə inək saxlamaq düşmür, ruzim azalır”, “qırmızı pulqabına pul çox gəlir” və s. Bir dəfə sınanılır, nəticəsindən asılı olaraq başlanılır təbliğ edilməyə. Allah da istəyir ki, görək insan sınağın nəticəsindən necə dərs götürəcək, sınaqdan necə çıxacaq. Ruzini Allah, ya pulqabı verir deyə düşünəcək? Əslində bu, imtahandır, insan başa düşmür. Əsas səbəblər hədislərdə bildirilir. Halallıq, sədəqə vermək, ailə, valideynlərlə münasibət ruzi artımına səbəb olur. Digər sınaq olan məsələlərdən isə insan çəkinsə, yaxşıdır. Çünki sınaq imtahanı bitdikdən, insan “2” aldıqdan sonra Allah onun nəticəsini mənfiyə aparır”.
Şəhanə Quliyeva