AZ

“İran artıq proksi qüvvələrdən istifadə etmək imkanına malik deyil” ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, İsrailin baş naziri Benyamin Netanyahu  İranla bağlı şərtlərini açıqlayıb.

Onun irəli sürdüyü ilk şərt bütün zənginləşdirilmiş uranın İrandan çıxarılmasıdır.

İkincisi, zənginləşdirmə avadanlığının və infrastrukturu tamamilə sökülməlidir.Üçüncü şərt İranın raket proqramına aiddir: T ehran Raket Texnologiyalarına Nəzarət Rejiminin (MTCR) 300 kilometrlik məhdudiyyətinə əməl etməlidir.

Dördüncü şərt , Netanyahunun sözlərinə görə, “ciddi zədələnmiş”, lakin təmiri davam edən “terror mehvərinin”nin ləğv olunmasıdır.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Benyamin Netanyahunun irəli sürdüyü təkliflər yeni deyil və əslində İranla aparılan danışıqlar üçün ilkin şərtlərdən ibarətdir.

“ABŞ bu şərtləri ötən il irəli sürüb. Ardınca Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya – əlavə şərtlərlə birlikdə ABŞ ilə danışıqlarda eyni mövqeyi irəli sürüb. Bu göstərir ki, müzakirələrdə və irəli sürülən şərtlərdə yeni heç nə yoxdur. Tehran ya bu şərtləri qəbul etməli, ya da irəli sürülən obyektlərə qarşı hərbi əməliyyatlarla üzləşə bilər”, – deyə Sədrəddin Soltan vurğulayıb.

O, 2025-ci ilin yayında baş vermiş 12 günlük müharibəni nümunə gətirərək bildirib ki, o zaman İranın hərbi nüvə obyektlərinə, hərbi rəhbərliyinə və atom fiziklərinə qarşı addımlar atılmışdı:

“Yenidən İranın raket bazalarına, hərbi sənaye komplekslərinə, nüvə obyektlərinə, SEPAH-a və onun yardımçı qüvvələrinə nöqtəvi zərbələr vurula bilər. Lakin bu zərbələrin nəticələri proqnozlaşdırıla bilmədiyi üçün tərəflər daha çox müzakirələrə üstünlük verirlər. Müzakirələr üçün imkanlar tükənməyib. Məsələn, İran prezidenti Məsud Pezeşkian son görüşdən sonra bildirib ki, aparılan danışıqlar irəliyə doğru addımdır və Avropada görüşün keçirilməsinin öz üstünlükləri var.

Artıq vasitəçi Rafael Qrossi ilə görüşlərin keçirilməsi, atom-nüvə məsələsi ilə bağlı texniki razılaşmaların əldə olunması İranın nüvə proqramı ilə bağlı tərəflər arasında müəyyən razılıq əldə etməsinə imkan verəcək. Onsuz da 2015-ci ildə əldə edilmiş razılaşmaya görə, zənginləşdirilmiş uranın üçüncü ölkəyə köçürülməsi ilə bağlı razılıq mövcud idi”.

Siyasi şərhçi hesab edir ki, tərəflər 2015-ci ildə əldə edilmiş razılaşmanı görüşlərdə daha da təkmilləşdirərək dərinləşdirə bilərlər.

Müzakirənin əsas mövzuları arasında aşağıdakılar yer ala bilər:

İranın raket proqramı

İranın hərbi sənaye kompleksi

İranın Rusiyaya dron təminatı

Ekspertin sözlərinə görə, İran artıq proksi qüvvələrdən istifadə etmək imkanına malik deyil və bu baxımdan məhdudiyyətlərlə üzləşib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr