GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi qurum ətrafında illərdir səsləndirilən iddiaları yenidən gündəmə gətirib. Ekspertlər uzun müddətdir bildirirlər ki, TƏBİB-də idarəetmə və koordinasiya ilə bağlı ciddi problemlər var. Bu narazılıqlar əvvəlki rəhbər Ramin Bayramlı dövründə də səngiməmişdi. Qurumun təsis olunduğu gündən qüsurlu model üzərində qurulduğu, xüsusilə də Səhiyyə Nazirliyi ilə paralel struktur kimi fəaliyyət göstərərək səlahiyyət və nüfuz yarışına girdiyi qeyd olunur. Son 5 ildə iki icraçı direktorun dəyişməsi isə sistemli problemlərlə bağlı sualları daha da artırır.
Bu gedişat TƏBİB-in ləğvinə və ya kiçildilməsinə səbəb ola bilərmi?
Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, idarəetmədə paralel strukturların yaradılması həm dövlətçilik prinsiplərinə, həm də beynəlxalq səhiyyə təcrübəsinə ziddir:
“Belə dublikat qurumların formalaşması bir sıra hallarda ictimai maraqlardan çox, müəyyən dairələrin maliyyə imkanlarını genişləndirməsinə xidmət edən mexanizm kimi qiymətləndirilməlidir. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması idarəetmədə parçalanmaya, səlahiyyətlərin qeyri-müəyyən bölüşdürülməsinə və nəticədə vətəndaşların maraqlarının zərər görməsinə səbəb olur. Bu tendensiyanı həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), həm də TƏBİB kimi digər təşkilatların, publik şəxslərin fəaliyyətində də müşahidə etmək mümkündür. Praktikada bu strukturların tarif və xidmət mexanizmlərini müstəqil şəkildə müəyyənləşdirməsi cəmiyyətdə narazılıq doğurur. Xüsusilə TƏBİB-in yaradılması ilə səhiyyə sistemində paralel idarəetmə modeli formalaşdı. Bu isə vahid koordinasiyanın zəifləməsinə və sistemin səmərəliliyinin aşağı düşməsinə gətirib çıxarıb”.
Sərdar Cəlaloğlu
Partiya sədri bildirib ki, məsələ hər dəfə hansısa rəhbər şəxsin vəzifədən kənarlaşdırılmasında deyil, ümumilikdə TƏBİB-in ləğvindədir:
“Beynəlxalq təcrübədə səhiyyə sistemi milli təhlükəsizliyin əsas elementlərindən biri hesab olunur və adətən vahid, mərkəzləşdirilmiş idarəetmə mexanizmi ilə tənzimlənir. Səhiyyənin parçalanmış model üzrə idarə olunması riskləri artırır və məsuliyyət bölgüsünü qeyri-müəyyənləşdirir. Bu baxımdan çıxış yolu kimi səhiyyə vahid mərkəzə tabe etdirilməli və paralel strukturlar ləğv edilməlidir. Əks halda, nə sistem daxilindəki problemlər aradan qalxacaq, nə də vətəndaşların konstitusiyada təsbit olunmuş sağlamlıq hüququ real şəkildə təmin ediləcək. Mövcud vəziyyət göstərir ki, hazırkı model ciddi institusional islahatlara ehtiyac duyur”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.