Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu gün İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşlərdə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli məsləhətləşmələrin davam etdirilməsi, ilkin çərçivə sənədinin razılaşdırılması planlaşdırılır.
Birinci raund 23-24 yanvar tarixlərində Əbu-Dabidə, ikinci raund isə 4-5 fevral tarixlərində BƏƏ-nin paytaxtında keçiriləcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib ki, Cenevrədə keçiriləcək Rusiya-Ukrayna sülh danışıqlarında ərazi məsələləri də müzakirə olunacaq.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan siyasi şərhçi Zeynal Əmrəliyev hesab edir ki, Cenevrə danışıqları ilə bağlı açıq şəkildə müsbət irəliləyiş gözlənilmir:
“Hər iki tərəfin –Rusiya və Ukraynanın bir-birinə qarşı kifayət qədər iddiaları var və tərəflər demək olar ki, müxtəlif məsələlərdə kəskin mövqe tuturlar. Məsələn, Rusiya rəhbərliyi tələb edir ki, Ukrayna Donbasdan çəkilsin, Ukrayna isə ərazisində Rusiya qoşunlarının çıxmasını istəyir. Belə hallar həlledici sülhə gedən yolda ən böyük maneədir.
Əsas məsələ münaqişənin dayandırılmasıdır. ABŞ münaqişənin dayandırılmasını tələb edir. Burada əsas iki məqam var. Birincisi, ABŞ və Ukrayna arasında Ukraynanın mineral ehtiyatlarının ABŞ tərəfindən istismarı, ikincisi isə Rusiyanın imkanlarından Çinə qarşı istifadə etmək niyyətidir.
Buna görə də ABŞ hər iki tərəfə maksimum təzyiq göstərərək münaqişənin tez bir zamanda dayandırılmasını arzulayır”.
Siyasi şərhçi vurğulayıb ki, Moskvadan və Kiyevdən də münaqişənin dayandırılması ilə bağlı bəyanatlar səslənib, amma həlledici nəticənin yaxın vaxtda əldə olunacağını demək sadəlövhlük olar:
“Yəqin ki, Cenevrədə danışıqların davam etdirilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək və bundan sonra növbəti raundların şahidi olacağıq”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.