Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son zamanlar əmək haqqı və pensiyaların artımı müşahidə edilir. Amma sevinə bilmirik. Sanki maaş artdıqca problemlər də artır...
Bəzi ekspertlər bunu "gizli bahalaşma" ilə əlaqələndirirlər. Gizli bahalaşma odur ki, məhsulun keyfiyyəti və kəmiyyəti azalır, qiymət isə eyni qalır. Yəni tutaq ki, hər zaman 1 kiloqramlıq qablaşdırmada olan məhsulun çəkisi 900 qrama endirilir. Qiymət eyni qalır.
Hər zaman bu məhsulu alan vətəndaş çəkiyə baxmadan eyni məbləği ödəyib məhsulu alır. Burada o həmin məhsulun 100 qram itirdiyinin fərqində olmur. Bu vəziyyəti bütün məhsullara şamil etmək olar. Ya da hansısa xidmətin əsas ödənişi dəyişmir, amma əlavə rüsumlar, məcburi ödənişlər artırılır. Bunun da vətəndaş fərqində olmur.
Digər bir varinat da, bazardan ucuz alternativlər yığışdırılır və vətəndaş bahalı məhsulu almağa məcbur qalır. Deyəsən, Azərbaycanda da bu baş verir. Düzdür, bunu ekspertlər təsdiqləmir, amma cibimizin hiss etdiyi budur. Bəzən insan özünə sual verməyə məcbur qalır: “gəlir, hara gedir?”
İqtisadçı Əkrəm Həsənov deyir ki, ola bilər ki, Azərbaycanda da bu baş verir. Amma bununla yanaşı Azərbaycanda real bahalaşma da var. Komunnal xidmətlərdə də qiymətlər bahalaşır.
Əmək haqqı və pensiyaların artımına gəldikdə, iqtisadçı deyir ki, burada sadəcə nominal artır, faktiki artım isə yoxdur: “Onsuz da yediyimiz qidaların keyfiyyəti aşağıdır. Amma sizin dediyiniz gizli bahalaşma da ola bilər. Düzdür mən bunu təhlil etməmişəm, amma ola bilər”…
Belə… Cibimiz qəpik-qəpik pul gördüyü üçün bunun fərqində olmur, “pul gəlir, bəs hara gedir?” sualına cavab tapa bilmirik. Əks halda, bu məsələnin başqa açıqlanacaq tərəfi yoxdur.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.