AZ

Çoxları onu bəyənmir, özünü Azərbaycandakı 10 adamdan biri sayır - FOTOLAR

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri, siyasətçi Siyavuş Novruzovun doğum günüdür.

“Yeni Sabah” xəbər verir ki, onun 57 yaşı tamam olub.

S.Novruzov ömrünün böyük hissəsini siyasətdə keçirib. O, hələ lap gənc yaşlarından – ötən əsrin 90-cı illərinin əvvəlindən siyasətə qoşulub, uzun illər hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, təşkilatın əsas sözçüsü, müxalifətin ittihamlarına cavab verən əsas iqtidar təmsilçisi olub.

O, 2000-ci ildə Milli Məclisə seçilən ən gənc deputatlardan biri idi. 31 yaşında mandat qazanmışdı və 26 ildir onu daşıyır.

S.Novruzovu ölkənin ən məşhur YAP-çısı da saymaq olar. Elə bu gün də YAP təmsilçisi deyəndə ağla ilk gələn adamlardan biridir.   

Bəli, çoxları onu sevmir. Amma söz düşəndə deyirlər ki, S.Novruzov əqidəsinə sadiq adamdır. “Siyavuş Novruzovdan xoşum gəlmir, amma mövqeyini, siyasi əqidəsini dəyişmədiyinə görə ona hörmət edirəm”, “Adamın Siyavuş Novruzov kimi bir mövqeyi olar”, “Bütün stiuasiyalarda eyni mövqedə olur” kimi fikirləri tez-tez eşidirik. Xüsusən də siyasi mövqeyini dəyişənlərin sayının artdığı dövrdə.

Onun savadı da müzakirə, bir çox hallarda da mübahisə predmetidir. Məşhur YAP-çı ixtisasça hüquqşünasdır. Hələ testlə qəbul üsulu olmadığı bir zamanda - sovet dövründə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasını yenə də hüquqşünas ixtisası üzrə bitirib. 2004-cü ildən, 35 yaşından hüquq elmləri namizədidir (hüquq üzrə fəlsəfə doktoru).

O, müsahibələrindən birində deyib:

“Mən hüquq sahəsində müdafiə etmişəm. Dissertasiya işim seçki texnologiyaları ilə bağlı olub. Müdafiə etdiyim mövzu “Seçki kampaniyasının planlaşdırılması və idarə olunmasının hüquqi əsasları” olub. Azərbaycanda bu sahə üzrə mənə qədər müdafiə edən olmamışdı. Uzun müddət Amerikanın müxtəlif institutları ilə seçkiləri müşahidə etmişəm. 1995-ci ildən Şərqi Avropa ölkələrinin çoxunun seçki kampaniyasında iştirak etmişəm. İki dəfə Amerikada olmuşam bu məsələ ilə bağlı. Seçki Məcəlləmizdə nəzəri və praktiki cəhətlər var. Təvazökarlıqdan uzaq olsa da, Seçki Məcəlləsini Azərbaycanda 10 adam bilirsə, onun biri də mənəm”.

S.Novruzov həm də bəzi fikirləri ilə, başqa sözlə dil sürüşməsinin məhsulu olaraq səsləndirdiyi ifadələrlə məşhurdur. Onların bəzilərini təqdim edirik:

- Suyu vedrə ilə ölçürlər.

- “Molotof kotleti”.

- Əfqanıstanda naçalnik razvetkanın sədri olmuşam.

- Turist ayrı, alpinst ayrı.

- Prezident İlham Əliyevin açılışlarda kəsdiyi qırmızı lentlə müxalifətə kostyum tikmək olar.

- Hörmətli Samir müəllim, (o zaman maliyyə naziri olan Samir Şərifova müraciətlə) xahiş edirəm, qazilərin 1 abbasını verin.   

35 ildən çoxdur siyasətdə olan S.Novruzov dəfələrlə qalmaqallara da düşüb.

2020-ci ilin avqustunda, COVİD-19 pandemiyası ilə bağlı sərt karantin rejiminin tətbiq olunduğu günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev həbsində olan Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı ilə gündəmə gəlmişdi. Deputat daha sonra məsələ ilə bağlı açıqlamasında Ramiz Mehdiyevin onu aldadaraq toya dəvət etdiyini bildirmişdi.

Yeri gəlmişkən, S.Novruzov təkcə özü deyil, ailəsi də siyasətlə məşğuldur. Onun həyat yoldaşı Səbinə Əliyeva 2019-cu ildən Azərbaycanın insan hüquqları üzrə müvəkkilidir (Ombudsman).

Qayın atası Yaşar Əliyev isə diplomat və siyasətçi idi. O, Milli Məclisinin I və II çağırış deputatı, parlament sədrinin müavini (1995-2002),  Ali Soveti sədrinin müavini (1994-1995), Azərbaycanın Çində (2002–2011), Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda (2004–2011) fövqəladə və səlahiyyətli səfiri olub.

Qeyd edək ki, Siyavuş Dünyamalı oğlu Novruzov 1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri qəsəbəsində anadan olub.

1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 1999-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

O, 1987-1990-cı illər SSRİ ordusunda xidmət edib. 1990-1993-cü illərdə Birinci Qarabağ müharibəsində gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirakı ilə yadda qalıb. Birinci Qarabağ müharibəsi veteranıdır.

1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 1994-1996-cı illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işlər müdiri, 1996-1999-cu illərdə Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb, 1995–2005-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olub.

Prezident İlham Əliyevin 2017-ci il noyabrın 18-də imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2019-cu ildə yenə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeninə layiq görülüb.

S.Novruzov 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat mandatı qazanıb. 2005, 2010, 2015, 2020-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib. O, uzun müddət parlamentin İntizam Komissiyasının sədri, İctimai Birliklər və Dini Qurumlar Komissiyasının sədri işləyib.

2024-cü il oktyabrın 8-də Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Evlidir. İki övladı var.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
92
yenisabah.az

1Mənbələr