AZ

“Enerji asılılığı hələ də ixracın əsas dayağıdır”

Azərbaycanın 2026-cı ilin yanvar ayı üzrə xarici ticarət statistikası bir əsas həqiqəti göstərir, ixrac azalır, lakin struktur dəyişmir.Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar ayında ümumi ixrac 2 milyard 235 milyon 845 min ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin yanvarı ilə müqayisədə 802 milyon dollar və ya 26 faiz azalma deməkdir. Son iki ilin yanvar göstəricilərinə baxdıqda dalğalanma müşahidə olunsa da, əsas çərçivə sabitdir, enerji sektoru dominant olaraq qalır. 2026-cı ilin yanvarında ixracın 88 faizi – 1 milyard 967 milyon dolları neft-qaz sektorunun payına düşüb. Xam neft 1 milyard 238 milyon dollar, təbii qaz isə 687 milyon dollar təşkil edib.2025-ci ilin yanvarı ilə müqayisədə xam neft ixracında həm həcm, həm də dəyər üzrə ciddi azalma var. Ötən ilin eyni ayında 3,46 milyon ton xam neft ixrac olunmuş və 1,9 milyard dollardan çox gəlir əldə edilib. 2026-cı ilin yanvarında isə həcm 2,64 milyon tona enib, gəlir 1,24 milyard dollara düşüb. Bu, fiziki həcmdə təxminən 23 faiz, dəyərdə isə 35 faizə yaxın geriləmə deməkdir.Təbii qazda fiziki həcm nisbətən sabit qalıb (2,33 milyard kubmetrdən 2,29 milyard kubmetrə), lakin gəlir 870 milyon dollardan 687 milyon dollara düşüb. Burada əsas təsir qiymət faktorudur.Dinamika göstərir ki, ixrac azalmasının əsas səbəbi daxili istehsal problemləri deyil, qlobal enerji bazarındakı qiymət dəyişiklikləri və ixrac həcmlərindəki azalmadır. “Azeri Light” markalı neftin qiyməti yanvar ayında 65–66 dollar intervalında dəyişib. Büdcədə baza qiymətin 65 dollar götürüldüyü nəzərə alınarsa, qiymət kritik həddən aşağı deyil, lakin həcm azalması fiskal daxilolmalar baxımından risk yaradır.2024–2026-cı illərin yanvar göstəriciləri göstərir ki, ixrac həcmi dəyişsə də, enerji sektorunun payı yüksək olaraq qalır. 2025-ci ilin yanvarında enerji payı 85 faizdən yuxarı idi, 2026-cı ildə isə 88 faizə yüksəlib.Bu o deməkdir ki, ixrac azalarkən qeyri-neft sektorunun payı nisbi olaraq artsa belə, struktur üstünlüyü dəyişmir. Əksinə, ümumi ixrac azaldıqca enerji payı daha da konsentrasiya olunur.2026-cı ilin yanvarında qeyri-neft ixracı 268 milyon 388 min dollar olub. 2025-ci ilin eyni ayında bu göstərici 245 milyon dollar idi. Təxminən 9 faizlik artım qeydə alınıb.Aqrar məhsullar əsas payı tutur: tərəvəz və meyvə ixracı 79,6 milyon dollar, meşə fındığı 29,4 milyon dollar, xurma 22,3 milyon dollar, tomat 13,6 milyon dollar təşkil edib. Alma və şəkər ixracında da artım müşahidə olunur.Lakin enerji payının 88 faiz olduğu şəraitdə qeyri-neft ixracının 12 faiz səviyyəsində qalması struktur şaxələndirmənin hələ ilkin mərhələdə olduğunu göstərir. Artım var, lakin sistemli transformasiya hələ görünmür.Makro sabitlik, vəziyyət kritik deyil, amma …2026-cı ilin yanvarında xarici ticarət balansında 933 milyon dollarlıq müsbət saldo qeydə alınıb. Bu göstərici 2025-ci ilin yanvarı ilə müqayisədə cüzi azalsa da, hələlik makroiqtisadi risk yaratmır.Bununla yanaşı, ölkənin strateji valyuta ehtiyatları 85 milyard dolları keçib. Bu, ixracdakı azalmanın qısamüddətli təsirlərini amortizasiya etmək üçün kifayət qədər güclü buferin mövcud olduğunu göstərir.Lakin risk indiki saldo səviyyəsində deyil, trenddədir. Enerji sektorunun yüksək payı səbəbindən qiymət və həcm dalğalanmaları davam edərsə, ixrac gəlirləri daha həssas olacaq. Orta müddətdə bu, həm cari əməliyyatlar balansına, həm də büdcə daxilolmalarına təzyiq yarada bilər.2025-2026 –cı ilin müqayisəsi göstərir ki, Azərbaycan ixracında enerji sektoru hələ də dominantdır. Qeyri-neft sahəsində artım müşahidə olunsa da, bu artım struktur balansı dəyişmək üçün kifayət deyil.İxracın dayanıqlı və balanslı modelə keçməsi üçün qeyri-neft sektorunda əlavə dəyər yaradan istehsalın sistemli şəkildə genişləndirilməsi zəruridir.

Gülbəniz Hüseynli / Kredit.az-ın redaktoru

Seçilən
68
metbuat.az

1Mənbələr