
Yaponiya müasir tarixin ən dağıdıcı təbiət hadisələrindən biri olan 2011-ci il Tohoku zəlzələsi və sunamisinin episentrində nəhəng elmi əməliyyat həyata keçirir. "Chikyu" adlı dərin dəniz qazma gəmisi dəniz səviyyəsindən təxminən 7 906 metr aşağıya enərək bu sahədə yeni bir dünya rekorduna imza atıb.
Tədqiqatlar zamanı fay xəttində olduqca kövrək bir pelajik gil təbəqəsi aşkar edilib. Bu təbəqənin okean xəndəyi yaxınlığındakı 50-70 metrlik sürüşmə ilə əlaqəli olduğu bildirilir. 2011-ci ildə Yaponiyanın şimal-şərqində baş verən fəlakətin əsas sirri yalnız onun böyüklüyündə deyil, qırılmanın harada və necə baş verməsində gizli ola bilər.
Yaponiya çökəkliyində aparılan elmi araşdırma nəticəsində litosfer tavalarının sərhədindən indiyədək ölçülmüş ən böyük dərinlikdə süxur nümunələri və qeydlər götürülüb. Tapıntılar göstərir ki, zəlzələnin ekstremal davranışının mərkəzində qırılmanın fayın ən dayaz hissəsinə qədər çatmasını asanlaşdıran və dəniz dibini dağıdıcı bir güclə itələyən son dərəcə zəif, nazik bir gil təbəqəsi dayanır.
Science jurnalında dərc olunan bu araşdırma 2024-cü ildə Beynəlxalq Okean Qazma Proqramının (JAMSTEC) 405-ci ekspedisiyası çərçivəsində "Chikyu" gəmisində həyata keçirilib. Araşdırmaya görə, meqafay (megathrust) pelajik gil təbəqəsinin tavanında və ya dabanında, yəni çöküntülər ilə süxurlar arasındakı fiziki xüsusiyyətlərin kəskin dəyişdiyi bölgədə inkişaf etməyə üstünlük verir.
Bu mövqe aşağı sürtünməli bir qırılma səthi yaradır; tavalar arasındakı təmasın ən dayaz hissəsində sürüşməni intensivləşdirə bilən bir cırılma müstəvisi meydana gətirir. Bunun nəticəsi hamıya məlumdur, lakin uzun illər izah edilməsi çətin idi. Tohoku zəlzələsi (Mw 9,1) cihazlarla ölçülən ən büyük zəlzələlərdən biri idi.
Lakin bir çox modeli heyrətə gətirən məqam xəndəyə yaxın bölgədə müşahidə olunan yerdəyişmənin miqdarı idi; fayın ən dayaz hissəsində 50-70 metr arasında pik sürüşmə baş vermişdi. Dəniz dibini saniyələr içində yüksəldən və hadisənin sunami yaratma potensialını dəfələrlə artıran məhz bu itələmə effekti idi. Bu mexanizm nəhəng dalğalara, böyük humanitar böhrana və "Fukusima-1" AES-də qəzaya yol açdı.
Araşdırmanın geologiya elmi baxımından mühüm texniki tərəfi də var. 21 sentyabr 2024-cü ildə layihə qazma işlərində 7 906 metr boru uzunluğuna çataraq ən dərin elmi okean qazması üzrə dünya rekordunu qırıb və bu nailiyyət Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənib. Bu uğur böyük bir qırılmanın dərindəmi dayanacağını, yoxsa 2011-ci ildə olduğu kimi okean kənarına qədər yüksələcəyini müəyyən edən bölgənin birbaşa öyrənilməsinə imkan yaradır.
Tədqiqatçılar sözügedən gil təbəqəsini müstəsna dərəcədə zəif material kimi xarakterizə edirlər. Bu təbəqə Sakit okeanda milyonlarla il ərzində toplanan nazik çöküntülərdən formalaşıb və daha sonra okean tavasının hərəkəti ilə Yaponiyanın altına sürüklənib. Nəticələr subduksiya zonalarının seysmologiyasında getdikcə güclənən bir fikri dəstəkləyir: bütün tektonik kənarlar eyni deyil.
Xəndəyə yaxın bölgələrdə xüsusilə zəif materialların olub-olmaması, ənənəvi böyük zəlzələ ilə dəniz dibinin həddindən artıq yüksəlməsinə səbəb olan zəlzələ arasındakı fərqi müəyyən edə bilər. Yaponiya zəlzələlərin qarşısını ala bilməsə də, hansı fayların kənara qədər qırılma potensialına malik olduğunu və böyük sunamilər yarada biləcəyini artıq daha yaxşı müəyyən edə biləcək.