AZ

Ekspertlər Avropa iqtisadiyyatının dirçəldilməsi üçün əsas addımları müəyyən edirlər

Budapeşt, 17 fevral, AZƏRTAC

Avropa İttifaqı iqtisadiyyatı son illərdə zəif artım nümayiş etdirir ki, bu da ekspertlərin fikrincə, xarici böhranlardan daha çox daxili struktur problemlərin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, Aİ ölkələrində mətbuatın monitorinqinin nəticələrinə görə, aparıcı Avropa iqtisadçıları tərəfindən hazırlanmış çoxsaylı hesabatlara və tövsiyələrə baxmayaraq, real islahatlar yavaş-yavaş irəliləyir.

Analitiklərin qeyd etdiyi kimi, əsas səhv Avropa hakimiyyət orqanlarının mücərrəd “rəqabətədavamlılıq" amilinə diqqət yetirməsidir, halbuki əsas məqsəd əmək məhsuldarlığının artırılması olmalıdır. Aİ güclü ixracatçı olaraq qalır və ticarət profisitini qoruyur, lakin İttifaqın iqtisadiyyatı davamlı gəlir artımını təmin etmək üçün kifayət qədər dinamik deyil.

Avropada məhsuldarlıq 2000-ci illərin əvvəlindən bəri ildə 1%-dən az artır və 2020-ci ildən başlayaraq, faktiki olaraq durğunluq vəziyyətindədir. Bu, ABŞ-də olan vəziyyətlə kəskin şəkildə ziddiyyət təşkil edir. Ekspertlər qeyd edirlər ki, Avropanın iqtisadi modeli böyük, mövcud korporasiyalara həddindən artıq üstünlük verir, habelə rəqabəti, innovasiyanı və yeni şirkətlərin böyüməsini məhdudlaşdırır.

Vəziyyət Ukraynada müharibənin başlamasından sonra yüksək enerji qiymətləri, Amerika proteksionizminin artması və Çinin bir sıra yaşıl sənayelərdə texnoloji üstünlüyü ilə daha da ağırlaşır. Ekspertlər hesab edirlər ki, dərin islahatlar - bazarın liberallaşdırılması, investisiya təşviqləri və tənzimləyici maneələrin azaldılması olmadan Avropa uzun müddət iqtisadi durğunluq vəziyyətində qalmaq riskini daşıyır ki, bu da təkcə iqtisadi deyil, həm də ciddi siyasi nəticələr doğuracaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
89
50
azertag.az

10Mənbələr