AZ

İsveç “Seasnake 30” dəniz topunun ilk NATO müştərisi olub

Almaniyanın “Rheinmetall” şirkəti İsveç Hərbi Dəniz Qüvvələrinə (HDQ) 8 ədəd “Seasnake 30” dəniz topu tədarük etmək üçün sifariş alıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, dəniz topları İsveç HDQ-nin yeni “Combat Boat 90” sürətli hücum katerlərinin əsas silahı olacaq.

Çərçivə müqaviləsi üzrə birinci sifariş təxminən 63 milyon avro dəyərindədir və ilk sistemin 2028-ci ilin fevralında çatdırılması planlaşdırılır.

Dörd illik müqavilə havada partlayan və 30 mm kalibrli təlim mərmilərinin tədarükünü də əhatə edir. Eyni zamanda, müqaviləyə ehtiyat hissələri və xidmətlər də daxildir.

Bundan əlavə, müqavilədə əlavə olaraq 29 ədəd “Seasnake” silah sisteminin alınmasını nəzərdə tutan maddə də yer alır.

“Seasnake 30” qısa məsafəli müdafiə üçün hazırlanmış, uzaqdan idarə olunan müasir dəniz topudur. Silah sistemi gündüz kameraları, infraqırmızı sensorlar və lazer məsafəölçən ilə təchiz olunub ki, bu da eyni anda bir neçə hədəfi izləmək imkanı verir.

Revolver topunun maksimum atəş sürəti dəqiqədə 1100 mərmidir. Dronlar və digər hava hədəflərinə qarşı effektiv olan silah sisteminin aşağı profilli və kompakt dizaynı düşmən tərəfindən aşkarlanmasını çətinləşdirir.

Qeyd edək ki, bu sifarişlə İsveç “Rheinmetall” istehsalı “Seasnake 30” dəniz topunun ilk NATO müştərisi olub.

 

Seçilən
44
poliqon.az

1Mənbələr