AZ

Rusiyadan azərbaycanlılarla bağlı ŞOK QƏRAR – Bundan sonra işləmək üçün…

Rusiyanın Rostov vilayəti ərazisində miqrantların əmək fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlərin tətbiqi regionda həm sosial, həm də iqtisadi müzakirələrə səbəb olub.

1 aprel–31 dekabr tarixləri arasında patent əsasında çalışan miqrantların kuryer fəaliyyəti ilə məşğul olması, ərzaq, içki və tütün məhsullarının topdan və pərakəndə satışı sahəsində işləməsi qadağan edilir. Bununla yanaşı, onların quru nəqliyyatı, boru kəməri nəqliyyatı və poçt rabitəsi sahələrində fəaliyyəti də məhdudlaşdırılır. Qərarın vilayət qubernatorunun müvafiq sərəncamında əksini tapdığı bildirilib.

Eyni zamanda, martın 1-dən etibarən miqrantların qiymətli metalların satışı ilə məşğul olması və fitnes mərkəzlərinin fəaliyyətində iştirakı da qadağan olunur. Qeyd olunur ki, bu məhdudiyyətlər yalnız patent əsasında çalışan əcnəbi vətəndaşlara şamil edilir. Avrasiya İqtisadi İttifaqına üzv olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşları bu qadağalardan kənarda qalır. Patent almaq öhdəliyi isə əsasən Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarına aiddir.

Bu qərar xüsusilə Rostov vilayətində çalışan minlərlə miqrant üçün ciddi dəyişikliklər və qeyri-müəyyənlik yaradır. Çünki regionda kuryer xidməti, ticarət və logistika sahələrində çalışanların böyük hissəsini məhz patentlə işləyən əcnəbilər təşkil edir. Yeni qaydalar onların iş yerlərini itirməsi, gəlir mənbəyindən məhrum olması və başqa regionlara köçmək məcburiyyətində qalması ilə nəticələnə bilər. Digər tərəfdən, yerli bazarda işçi qüvvəsi çatışmazlığı, xidmətlərin bahalaşması və bəzi sahələrdə fəaliyyətin zəifləməsi ehtimalı da gündəmə gəlir.

Natiq Ələsgərov

Məsələnin hüquqi tərəflərini NOCOMMENT.az-a şərh edən hüquqşünas-ekspert Natiq Ələsgərov bildirib ki, Rusiya qanunvericiliyinə əsasən, region rəhbərlərinin müəyyən sahələrdə miqrantların fəaliyyətini məhdudlaşdırmaq səlahiyyəti mövcuddur:

“Bu cür qərarlar adətən yerli əmək bazarının qorunması, təhlükəsizlik və sosial sabitlik məqsədi ilə əsaslandırılır. Lakin belə məhdudiyyətlər federal qanunlara, beynəlxalq öhdəliklərə və miqrantların hüquqlarına zidd olmamalıdır. Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşlarının bu qadağalardan kənarda saxlanılması təşkilatın daxili əmək bazarı prinsipləri ilə bağlıdır. Həmin ölkələrin vətəndaşları Rusiyada faktiki olaraq yerli işçilərlə bərabər hüquqlara malikdir və patent sisteminə tabe deyillər. Digər ölkələrdən olan miqrantlar isə patent əsasında çalışdıqları üçün regional məhdudiyyətlərə daha asanlıqla məruz qala bilirlər. Bu cür qərarlar diskriminasiya xarakteri daşımamalı və hüquqi baxımdan əsaslandırılmış olmalıdır, əks halda məhkəmələrdə mübahisələndirilə bilər”.

Onun sözlərinə görə, əgər miqrantların müəyyən sahələrdə işləməsi qadağan edilirsə, dövlət paralel olaraq onlara alternativ məşğulluq imkanları yaratmalı və ya keçid dövrü təqdim etməlidir:

“Əks halda, bu, qeyri-leqal məşğulluğun artmasına, kölgə iqtisadiyyatının genişlənməsinə və sosial problemlərin dərinləşməsinə səbəb ola bilər. Miqrasiya siyasətində balanslı yanaşma əsas şərtdir: həm yerli əhalinin maraqları qorunmalı, həm də əcnəbi işçilərin hüquqları tapdalanmamalıdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
33
nocomment.az

1Mənbələr