AZ

"Süni intellekt ali təhsildə keyfiyyət anlayışının özünü dəyişəcək" - Elmlər doktoru

"Süni intellekt və rəqəmsallaşma ilə bağlı keçirilən müşavirədə bu istiqamətin bütün sahələr üzrə prioritet elan olunması ali təhsil üçün də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu yanaşma göstərir ki, məsələ təkcə texnologiyanın tətbiqi deyil, bütövlükdə düşüncə və idarəetmə modelinin yenilənməsidir".

Bu fikirləri Redaktor.az-a süni intellekt və rəqəmsal yanaşmaların ali təhsildə keyfiyyətə necə təsir edəcəyindən bəhs edən filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli bildirdi. Onun fikrincə, süni intellekt ali təhsildə keyfiyyət anlayışının özünü dəyişəcək:

"Əvvəllər keyfiyyət daha çox auditoriya dərslərinin təşkili və proqram məzmunu ilə ölçülürdüsə, indi rəqəmsal mühitdə məlumatın əlçatanlığı, analitik təhlil imkanları və nəticəyönümlü idarəetmə əsas göstəricilərə çevrilir. Birinci istiqamət tədris məzmununun zənginləşməsidir. Süni intellekt alətləri vasitəsilə tələbələr böyük həcmli məlumat bazalarına çıxış əldə edir, müxtəlif mənbələri müqayisəli şəkildə təhlil edə bilirlər. Bu isə onların tənqidi düşünmə və analitik bacarıqlarını gücləndirir. Eyni zamanda müəllim üçün də dərs materiallarının hazırlanması, yenilənməsi və vizuallaşdırılması daha çevik və effektiv olur. İkinci mühüm təsir elmi tədqiqat mühitində özünü göstərir. Rəqəmsal alətlər məlumatların sistemləşdirilməsini, statistik analizini və proqnozlaşdırılmasını sürətləndirir. Bu, həm magistr və doktorantura səviyyəsində tədqiqatların keyfiyyətini artırır, həm də beynəlxalq elmi inteqrasiyanı gücləndirir".

Müsahibimiz həmçinin qeyd edti ki, universitetlərin idarəetmə strukturu daha şəffaf və ölçüləbilən olur. Elmlər doktoru hesab edir ki, rəqəmsal sistemlər vasitəsilə akademik göstəricilərin təhlili, strateji planlaşdırma və resurs bölgüsü daha əsaslandırılmış şəkildə həyata keçirilə bilər.

"Bu isə ümumi institusional səmərəliliyi yüksəldir. Lakin düşünürəm ki, texnologiya özü məqsəd deyil, vasitədir. Əsas məsələ güclü kadr hazırlığı və kadr təkmilləşməsidir. Ona görə də, hesab edirəm ki, əsas məsələ insan kapitalıdır. Süni intellekt ali təhsildə keyfiyyətə yalnız o halda real təsir göstərə bilər ki, kadr potensialı buna hazır olsun. Müəllimlərin rəqəmsal bacarıqlarının artırılması, davamlı təlim proqramlarının təşkili və gənc mütəxəssislərin bu sahəyə cəlb edilməsi paralel şəkildə həyata keçirilməlidir. Nəticə etibarilə, süni intellekt və rəqəmsallaşma ali təhsildə həm məzmunu, həm metodologiyanı, həm də idarəetmə modelini yeniləyən amilə çevrilir. Düzgün tətbiq olunarsa, bu proses təhsilin keyfiyyətini daha ölçüləbilən, daha çevik və beynəlxalq standartlara uyğun səviyyəyə yüksəldə bilər", - deyə Vüsalə Ağabəyli yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
111
1
redaktor.az

2Mənbələr