"Ali təhsil müəssisələrində kadr hazırlığı bizdə istənilən, arzu olunan səviyyədə deyil. Hal-hazırda bizim ali təhsil müəssisələrinin məzun olan gəncləri əgər əmək bazarında iş tapmaqda çətinlik çəkirsə, deməli bizim kadr hazırlığında ciddi nöqsanlarımız var".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.
Onun sözlərinə görə, dövrün tələbinə uyğun kadr formalaşdırmaq istiqamətində müvafiq addımların atılması zəruridir:
"Məsələn, bu gün bizim müəllimlik ixtisasını bitirən gəncimiz əgər birbaşa gedib müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilmirsə, əlavə dəstək alırsa, kursa yazılırsa və yaxud da bir mühasibimiz gedib əmək bazarında hər hansı bir kursda öz sahəsini təkmilləşdirmədən iştirak edə bilmirsə, işə düzələ bilmirsə və yaxud da bir ali təhsil müəssisəsini bitirən bir hüquqşünas praktik olaraq oturub iddia ərizəsi yaza bilmirsə, deməli ciddi nöqsanlar var. Bunlar qısa müddətdə aradan qaldırılmalıdır. Bu istiqamətdə əsas problemlərdən biri nəzəri biliklərlə yanaşı praktik biliklərin tələbələrə kifayət qədər verilməməsidir. Bizim praktika ilə bağlı kifayət qədər maddi-texniki bazamız yoxdur. Deyərdim ki, tələbələrin praktikaya göndərilməsi bizdə formal xarakter daşıyır. Hər hansı universitet 1-2 dövlət qurumu ilə razılaşır və tələbə gedir, oranı bitirir. Belə praktika olmamalıdır".
.jpg)
Müsahibimiz vurğuladı ki, beynəlxalq təcrübədən ali təhsil müəssisələrinin praktika sistemini götürməliyik.
"Xaricdə universitet müxtəlif qurumlarla, dövlət və özəl sektorlarla müqavilələr bağlayır və tələbələr davamlı olaraq dövlət qurumlarına, özəl sektora müraciət edir və müxtəlif fərqli-fərqli sektorlarda öz ixtisası üzrə praktika keçirlər, təcrübə qazanırlar. Bu, çox gözəl bir şeydir. Məsələn bizim hüquqşünas tələbələrimiz nə edir? Gedir, hər hansı bir məhkəmədə üç ay praktika keçir və bitdi. Bu da oldu praktika. Belə olmamalıdır. Həm dövlət qurumlarında, müxtəlif prokurorluq orqanlarında, polis orqanlarında, məhkəmə orqanlarında, eləcə də özəl sektorda, şirkətlərdə, korporativ sahə üzrə praktika keçməlidir, yəni tələbə müxtəlif sahələrdə praktika keçdiyi təqdirdə artıq əmək bazarına hazır bir formada, yetişmiş, formalaşmış bir kadr kimi olur. Çox təəssüflər olsun ki, bizim bu gün ali təhsil müəssisələrimiz kadr hazırlığında peşəkarlıq səviyyəsini nümayiş etdirə bilmirlər. Bu istiqamətdə hesab edirəm ki, müəyyən əskikliklər var", - deyə R.Nurəliyev vurğuladı.
Aytəkin TOFİQQIZI