AZ

Ceyhun Məmmədov: Oruc həm mənəvi intizamı gücləndirir, həm də orqanizmi yeniləyir

Bakı, 17 fevral, AZƏRTAC

İslamın vacib ibadətlərindən biri olan oruc həm mənəvi kamilləşmənin, həm də fiziki nizamın formalaşmasında mühüm rol oynayır. Dini baxımdan imkanı olan hər bir müsəlmanın bu ibadəti yerinə yetirməsi vacib sayılır. Bununla yanaşı, orucun insan sağlamlığına müsbət təsirləri həm dini, həm də elmi müstəvidə diqqət mərkəzindədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, oruc, ilk növbədə, ibadət olmaqla insanın mənəvi intizamını gücləndirir, səbrini möhkəmləndirir: “Eyni zamanda, qida qəbulunun nizamlanması bədənin təbii bərpa mexanizmlərini aktivləşdirir, orqanizmin dincəlməsinə və yenilənməsinə şərait yaradır. İslamda bu ibadətin sağlamlıqla əlaqəsi xüsusi vurğulanır. Hədisdə Məhəmməd peyğəmbər tərəfindən orucun sağlamlıq baxımından faydasına diqqət çəkildiyi qeyd olunub. Müasir tibbi yanaşmalar da müəyyən hallarda qida məhdudiyyətinin maddələr mübadiləsinin tənzimlənməsi, həzm sisteminin yüngülləşməsi və ümumi fizioloji balansın bərpası ilə əlaqəli olduğunu göstərir”.

Müsahibimiz vurğulayıb ki, orucun faydalı təsir göstərməsi üçün düzgün qidalanma vərdişlərinin qorunması vacibdir: “Oruc tutan insanlar Ramazanda müəyyən qaydalara əməl etməlidirlər. Həddindən artıq yemək, mədəni yükləmək mədəyə ciddi təsir edən bir məsələdir. Əgər biz əvvəllər gündə üç dəfə qidalanırdıqsa, indi daha az qida qəbul edirik və qeyd etdiyimiz bərpa prosesi baş verir. Amma bəzən insanlar daha çox yeyir, bədəni həddindən artıq yükləyirlər və bu da onların sağlamlığında ciddi problemlər yarada bilər”.

O əlavə edib ki, oruc yalnız qida məhdudiyyəti deyil, həm də həyat ritminin nizamlanması, bədənin və ruhun harmoniyasına yönəlmiş şüurlu bir proses kimi qəbul edilməlidir.

 

Seçilən
63
1
azertag.az

2Mənbələr