AZ

“Separatizm və təxribatın cavabı verildi” - Deputatdan Vardanyanla bağlı qərara REAKSİYA

"Ruben Vardanyanın bu gün məhkəmə prosesi başa çatdı və məhkəmənin hökmü ilə onun 20 il azadlıqdan məhrum edilməsi qərarını mən tam ədalətli və tam dürüst hesab edirəm, belə qiymətləndirirəm. Ruben Vardanyan, bildiyiniz kimi, Azərbaycan Respublikasının o vaxtlar işğal altında olan ərazilərinə göndərildi. O, orada Azərbaycanın ərazi bütövlüyünə, konstitusiya qaydasına və dövlət quruluşuna qarşı separatizm fəaliyyəti göstərmək, terrorçu qruplara rəhbərlik etmək və böyük təxribatlar törətmək məqsədilə işğal olunmuş ərazilərə gəldi. Torpaqlarımız işğal altında olan dövrdə o, Azərbaycana və ölkəmizə qarşı kəskin və sərt bəyanatlar verirdi. Hesab edirəm ki, məhkəmənin bugünkü qərarı tam yerindədir, tam ədalətlidir və həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğundur".

Bu fikirləri Redaktor.az-a Ruben Vardanyanla bağlı çıxarılan məhkəmə qərarını şərh edən deputat Tural Gəncəliyev bildirdi. O əlavə etdi ki, Vardanyan yalnız təxribatçı bəyanatları və Azərbaycanın ərazi bütövlüyünə qarşı hərəkətləri ilə deyil, eyni zamanda qanunsuz iqtisadi fəaliyyətlə də məşğul olub:

"O, Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus sərvətlərin talan edilməsində, mineral yataqlarımızın və zəngin irsimizin dağıdılması və qarət olunması istiqamətində fəaliyyət göstərib. Hətta böyük ehtimalla o, işğal altında olan ərazilərdə qeyri-qanuni maddələrin, narkotik vasitələrin və qanunla qadağan edilmiş digər kommersiya fəaliyyətlərinin həyata keçirilməsində iştirak edərək Azərbaycan xalqına qarşı ağır cinayətlər törədib. Ona görə də bu gün Ruben Vardanyan etdiklərinə görə özünü qınamalıdır. Bu baxımdan hesab edirəm ki, onun ədalətli məhkəmə qərarı ilə azadlıqdan məhrum edilməsi Ermənistanda da konstruktiv və müsbət qarşılanmalıdır. Çünki bu şəxs müharibənin daha da qızışdırılması və ağır nəticələrə gətirib çıxarılması istiqamətində hərəkətlər edirdi. Azərbaycan isə sülh yolu ilə, diplomatiya yolu ilə danışıqlar masasına əyləşdiyini bəyan etdiyi bir vaxtda o, bu cür addımlara yol verərək ağır cinayətlər törədirdi".

Müsahibimiz Azərbaycanın ədalət mühakiməsinin bu qərarını yaxın tariximizdə baş vermiş Nürnberq prosesi ilə, yəni İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasında nasistlərin məhkəmə prosesində aldıqları cəzalarla müqayisə etdi: 

"Cənab Prezident son çıxışlarından birində, Münhen Təhlükəsizlik Konfransında bildirmişdi ki, bu terrorçular və separatçılar hətta faşist Almaniyasındakı nasistlərdən də ağır cinayətlər törədiblər. O, bunu fransız jurnalistin sualına cavab olaraq qeyd etmişdi. Həqiqətən də bu şəxslərin törətdikləri cinayətlər təkcə Azərbaycana qarşı deyil, eyni zamanda beynəlxalq cinayət qanunvericiliyinin və beynəlxalq hüququn pozulması, bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə qərarı tam ədalətlidir və haqq-ədalət öz yerini tapdı. Hesab edirəm ki, bundan sonra bu məhkəmə qərarı hamı üçün dərs olmalıdır ki, gələcəkdə heç kim Azərbaycana qarşı ərazi iddiası irəli sürməsin, terrorçu hərəkətlərə yol verməsin və xalqımıza qarşı belə addımlar atmasın".

Nuriyyə NATİQQIZI

Seçilən
44
1
redaktor.az

2Mənbələr