AZ

Münxen Konfransı Azərbaycan Prezidentinin ciddi mesajları və önəmli bəyanatları ilə yadda qaldı RƏY

Bakı, 17 fevral, AZƏRTAC

Keçən əsrdə bütün dünyanın təhlükəsizliyi üçün iki dəfə tarixin ən böyük təhlükəsini yaradan Almaniyanın Münxen şəhəri artıq 63 ildir ki, hər il dünyanın təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrə ev sahibliyi edir. Ənənəvi olaraq hər ilin soyuq fevralında keçirilən Münxen Təhlükəsizlik Konfransı daha çox dövlətlər arasındakı soyuq münasibətləri ən düzgün şəkildə istiləşdirməyin yollarını axtarır. Bu platforma Azərbaycan xalqına da çox tanışdır, xüsusilə də 2020-ci ildə, düz altı il öncə Ermənistan Baş nazirinin “kokeyşn büro” adı ilə uğursuz damğa vurduğu konfransdan sonra. Əslində, Nikol Paşinyanın o tədbirdəki hərəkətlərini və danışığını uğursuzlaşdıran onun opponentinin peşəkar diplomat və uğurlu siyasətçi olması amili oldu. Baxmayaraq ki, biz hələ o zaman tarixi Zəfərimizi qazanmamışdıq, ancaq həmin o qələbəmizin siyasi və diplomatik müstəvidə qarşı tərəfin kapitulyasiyası ilə əsası məhz o konfransda qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev həmin tarixi konfransda bütün dünyaya bəyan etdi ki, Azərbaycan dövləti və xalqı olaraq bizim üçün sülh və təhlükəsizlik yaşadığımız regiondan başlayır. Cənubi Qafqazda münaqişəyə son qoyulmadan, sülh və təhlükəsizlik təmin edilmədən bizim üçün nə dünyanın təhlükəsizlik arxitekturasının, nə də onunla bağlı müzakirələrin aparıldığı Münxen Təhlükəsizlik Konfransının elə bir önəmi yoxdur. 2020-ci ilin Münxen Konfransında sanki bütün dünyaya son çağırışımızı və xəbərdarlığımızı etdik. Artıq bütün o prosesləri çox böyük sürətlə və uğurla arxada qoymuşuq deyə bilərik və builki Konfransda Azərbaycan olaraq qalib və sülhə nail olmuş tərəf kimi iştirak etdik.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin bu Konfransda qarşılanması, dövlət başçılarının, siyasi liderlərin və digər rəhbər şəxslərin ona olan münasibəti özü özlüyündə bu sahədə bütün sualları ən düzgün şəkildə cavablandırdı: “Azərbaycan Prezidenti builki Konfransa təkcə qalib və sülhü təmin edən lider kimi deyil, eyni zamanda, daha zəngin və bütün dünyanı maraqlandıracaq əhəmiyyətli təkliflərlə getmişdi. Prezident artıq regionumuzun da tərkib hissəsi olduğu Orta Dəhliz layihəsinin uğurlu təqdimatını həyata keçirdi. Bu təqdimatın ciddiliyi və çox maraqla qarşılanmasının əsas səbəbi həm də onunla bağlı idi ki, bunu həmin dəhlizin açar nöqtəsi olan regionda uzunmüddətli münaqişəyə son qoyan və bu yolun keçdiyi 14-16 ölkənin yeganə alternativsiz dövləti tərəfindən edilməsində oldu”.

Siyasi şərhçinin sözlərinə görə, Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq bütün beynəlxalq platformalarda olduğu kimi, yenə də ciddi mesajları və önəmli bəyanatları ilə yadda qaldı. İştirak etdiyi görüşlərdə, panel iclasda və “France 24” televiziyasına verdiyi müsahibədə Azərbaycan Prezident bir daha açıq şəkildə dövlətimizin mövqeyini və həmişəki qırmızı xəttlərini diqqətə çatdırdı. Hazırda ölkəmizin də aid olduğu Cənubi Qafqazda və dünyada baş verən proseslərlə bağlı təkcə Azərbaycanın deyil, həm də regionun lideri kimi baş verənlərə münasibət sərgiləyən Prezident bizim üçün sülhün və təhlükəsizliyin alternativinin olmadığını ən yüksək səslə dedi. Uzun illər ərzində məhz sülhə görə beynəlxalq hüquqa sadiq qaldığımızı, günlərin birində müharibəni də sülhə görə etdiyimizi və bu gün də əldə etdiyimiz sülhü qorumaq naminə siyasi və diplomatik müstəvilərdə mübarizə apardığımızı bildirən dövlətimizin başçısı, əslində, həm də dünyaya yeni bir nümunə təqdim etmiş oldu. Tarixi Zəfərimizdən və apardığımız uğurlu antiterror əməliyyatından sonra mürəkkəb bir münaqişəyə son qoyan dövlət kimi bizim təcrübəmizi yüksək qiymətləndirən və bu sahədə bizimlə əməkdaşlığa üstünlük verən dövlətlərin Münxen Təhlükəsizlik Konfransında da Azərbaycana və onun liderinə münasibəti eyni məzmunlu oldu.

“Münaqişələrin sayının və miqyasının artdığı, qarşıdurmaların hər an yeni və dəhşətli müharibələrə çevrilmək astanasında olduğu dünyamızda uzunmüddətli bir münaqişəyə son qoyaraq əhəmiyyətli bir regionda sülhə nail olmağın vacibliyi hamıya bəllidir. Xüsusilə də nəzərə alsaq ki, şimalımızda dörd ildir davam edən qanlı müharibə, cənubumuzda isə yarım əsrlik amansız qarşıdurmanın hər an dəhşətli bir müharibəyə çevrilmək reallığı regionumzun həssaslığını və sülh üçün kövrəkliyini ortaya qoyur. Belə bir reallıqda sülhün və təhlükəsizliyin qorunub saxlanmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu vurğulayan Azərbaycan Prezidenti əldə etdiyimiz sülhə təhdid yaradacaq istənilən təhlükəyə amansız reaksiya verəcəyimizin mesajını da verdi. Bu il keçirilən Münxen Təhlükəsizlik Konfransında bütün dünya Prezident İlham Əliyevin sərgilədiyi mövqedən açıq şəkildə başa düşdü ki, biz hazırda yaşadığımız sülh şəraitinin dəyərini ən yaxşı şəkildə anladığımız üçün onu nəyin bahasına olursa olsun qoruyub saxlamaq və ona qarşı bütün təhlükələrə layiqli cavab vermək iqtidarındayıq”, - deyə Xəyal Bəşirov vurğulayıb.

Seçilən
135
1
azertag.az

2Mənbələr