AZ

5 yaşlı uşaqlara 2-ci sinif proqramı: Erkən inkişaf, yoxsa erkən təzyiq?

Müasir təhsil sistemində 5 yaşlı uşaqların artıq 2-ci sinif proqramı ilə yüklənməsi, sanki görünməz bir yarışın tərkib hissəsinə çevrilib. Bir vaxtlar bağça yaşlı uşaqlar üçün oyun və sosiallaşma dövrü hesab olunan bu mərhələ, indi imlalar, riyazi tapşırıqlarla əvəz olunur.

Bəs 5 yaşlı uşaqlara hansı səviyyədə akademik biliklər verilməlidir?

Təhsil eksperti Elçin Əfəndi Ölkə.az-a açıqlamasında bildirib ki, 5 yaşlı uşaqlar birbaşa məktəbə hazırlıq qruplarına başlayırlar və bu pillə artıq təhsil sisteminin ən erkən sinfi kimi qiymətləndirilir:

"Sıfırıncı sinifdə şagirdlər ibtidai təhsilə başlamaq üçün müəyyən bilik və bacarıqlara sahib olmalıdırlar. Ölkədə prioritet istiqamətlərdən biri məktəbəqədər təhsilin inkişaf etdirilməsi və hər bir uşağın bu prosesə cəlb olunmasıdır. Bunun üçün dövlət tərəfindən dəstək göstərilir, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl təhsil müəssisələrində dövlət büdcəsi hesabına imkan yaradılır ki, şagirdlər məktəbəqədər təhsil ala bilsinlər.

Belə hazırlıq uşaqlara həm bilikləri tətbiq etməyi, həm də tapşırıqları öyrənməyi öyrədir ki, ibtidai siniflərdə daha az çətinlik yaşansın. Lakin hər kəs məktəbəqədər hazırlığa qoşulmur, bəzi ərazilərdə valideynlərin yanaşması istənilən səviyyədə deyil, nəticədə üç-dörd yaşlı uşaqlar belə məktəbə hazırlıq istiqamətinə cəlb olunmur.

Eyni zamanda, 5 yaşlı uşaqların məktəbə hazırlıq qruplarında ibtidai təhsilin birinci-dördüncü sinif mövzularına cəlb olunması yolverilməzdir. Belə hallar uşaqların üzərinə əlavə yük qoyur və təhsildən yayınmalarına səbəb ola bilər. Ona görə də bu praktikalar uşaqların yaş psixologiyası və pedaqoji yanaşma baxımından düzgün deyil".

Həmidə İbrahimova

Seçilən
100
1
olke.az

2Mənbələr