AZ

Sabiq nazir üçün rekord məbləğdə girov tələb olundu

Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu sabiq energetika naziri Herman Qaluşenko barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Olqa Postolyuk məlumat verib.

Onun sözlərinə görə, prokuror sabiq nazirin həbsdə saxlanılması, eyni zamanda 425 milyon qrivna (təxminən 9,8 milyon dollar) məbləğində girov qarşılığında azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıb. Bu məbləğ Ukraynada oxşar işlər üzrə ən yüksək girovlardan biri hesab olunur.

Qaluşenkoya qarşı ittiham rezonans doğuran “Midas” işi çərçivəsində irəli sürülüb. İstintaq materiallarına görə, o, energetika sektorunda cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması işi üzrə fiqurantdır.

Araşdırma Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən aparılır. İstintaq çərçivəsində “Enerqoatom” ASC-də külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı danışıq yazıları da yayımlanıb və həmin söhbətlərdə nazirin adı keçdiyi iddia olunur.

Qeyd edək ki, Herman Qaluşenko 2025-ci ilin iyulunda ədliyyə naziri təyin edilmiş, lakin həmin ilin noyabrında Nazirlər Kabineti tərəfindən vəzifəsinin icrasından uzaqlaşdırılmışdı.
2026-cı il fevralın 15-də NABU detektivləri onu Ukrayna ərazisini tərk etməyə cəhd edərkən saxlayıb. Məlumata görə, sabiq nazir Kiyev–Varşava qatarı ilə ölkədən çıxmaq istəyirmiş.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
111
1
konkret.az

2Mənbələr