AZ

"Verilən qərar Bakıda taksi sıxlığının artmaması üçündür" - AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarına əsasən, taksi sürücüləri sərnişinləri Sumqayıt şəhərinə apara bilsələr də, oradan Bakı istiqamətində sərnişin götürə bilməzlər. 

"Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə edilə bilər", - AYNA-nın açıqlamasında bildirib.

Qurumun tətbiq etdiyi bu məhdudiyyətin əsas məqsədi nədir?

Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, AYNA tərəfindən tətbiq edilən bu məhdudiyyətin əsas məqsədi taksi fəaliyyətinin nəzarət altına alınması, bazarda balansın qorunması və şəhərlərarası qeyri-rəsmi daşımaların qarşısının alınmasıdır:

"Bu qərar taksi xidmətlərinin qanuni çərçivədə fəaliyyət göstərməsini təmin etməyə yönəlib. Qanunvericiliyə əsasən, hər bir taksi sürücüsünə verilən buraxılış kartı konkret ərazi üzrə qüvvədədir. Sumqayıt üçün buraxılış kartı olan sürücünün Bakıda sərnişin götürməsi artıq həmin icazənin hüdudlarından kənara çıxmaq deməkdir. Bu isə bazarda qaydasızlıq yaradır. Digər əsas məqsəd şəhərlərarası sərnişindaşımanın taksi adı altında aparılmasının qarşısını almaqdır. Əgər taksilərə Bakı-Sumqayıt-Bakı istiqamətində sərbəst sərnişin götürmək icazəsi verilsəydi, bu, avtobus və marşrut xətlərinin funksiyasını zəiflədər, ictimai nəqliyyatda sərnişin axınının pozulmasına səbəb olardı. Nəticədə həm nəqliyyat sistemi, həm də qiymət siyasəti nəzarətdən çıxa bilərdi".

Ekspert əlavə etdi ki, verilən qərar Bakı şəhərində taksi sıxlığının artmaması məqsədi daşıyır.

"Paytaxtda artıq kifayət qədər taksi fəaliyyətdədir və regionlardan gələn əlavə avtomobillər tıxacların artmasına, dayanma-durma qaydalarının daha çox pozulmasına və ümumi yol təhlükəsizliyinin zəifləməsinə gətirib çıxara bilər. Eyni zamanda bu məhdudiyyət yerli taksi sürücülərinin maraqlarının qorunmasına xidmət edir. Bakı üçün icazə almış sürücülərlə digər şəhərlərdən gələn taksilər arasında qeyri-bərabər rəqabət mühitinin yaranmasının qarşısı alınır. Yəni hər kəs yalnız icazə aldığı ərazidə fəaliyyət göstərir. Nəhayət, bu addım nəqliyyatın planlı idarə olunması və şəffaflığın artırılması məqsədi daşıyır. Hansı ərazidə nə qədər taksi var, hansı saatlarda sıxlıq yaranır, nəzarət mexanizmlərinin işləməsi kimi məsələlər yalnız ərazi prinsipi qorunduqda effektiv şəkildə tənzimlənə bilir. Bu səbəbdən də tətbiq edilən məhdudiyyət cərimə məqsədindən daha çox sistemin nizamlanmasına, təhlükəsizliyin təmin olunmasına və ədalətli rəqabət mühitinin formalaşdırılmasına xidmət edir", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
122
1
redaktor.az

2Mənbələr