AZ

Prezidentin Münxendən verdiyi bu mesaj rezonans doğurdu

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Müasir dövrdə beynəlxalq sistemdə dəyişən güc balansları, dərinləşən enerji rəqabəti və yeni təhlükəsizlik çağırışları fonunda Azərbaycan özünü təkcə regionun deyil, həm də daha geniş coğrafiyanın siyasi gündəmini müəyyən edən dövlətlərdən birinə çevirib. Azərbaycanın yüksələn qlobal nüfuzunun əsas dayaqlarından biri, şübhəsiz ki, dövlət başçısının formalaşdırdığı çevik diplomatiya modelidir. Bu, təsadüfi deyil, uzun illərin planlı siyasətinin, düzgün qurulmuş beynəlxalq tərəfdaşlıqlarının və məqsədyönlü qərarlarının məntiqi nəticəsidir. Bu diplomatiya həm praktiki nəticələr verir, həm də ölkənin strateji üstünlüklərini beynəlxalq aləmdə daha aydın görünən edir”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu qlobal platformalarda Azərbaycanın mövqeyi xüsusi maraq doğurur:

“Prezident İlham Əliyevin Münxen səfəri, oradakı panel çıxışları və ikitərəfli görüşləri ölkəmizin həm regional sabitlikdə, həm enerji təhlükəsizliyində, həm də yeni geosiyasi nizamın formalaşmasında oynadığı rolun real göstəricisidir. Dövlət başçısı bu tədbirin tribunasında Azərbaycanın prinsipial mövqeyini tam aydınlıqla ifadə edərək belə bir fikri səsləndirmişdi: “Bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır və ölkəmizin təhlükəsizliyini, sabitliyini və davamlı inkişafını təmin etməyə yönəlib”. Bu sözlər sadəcə diplomatik bəyanat deyil, Azərbaycanın xarici siyasət fəlsəfəsinin xülasəsidir”.

Rövşən Muradov

Millət vəkili bildirib ki, Münxendə keçirilən görüşlərdə Prezidentin qlobal enerji bazarında Azərbaycanın roluna dair mesajları da xüsusi rezonans doğurdu:

“Dünya enerji xəritəsinin dəyişdiyi bir vaxtda Azərbaycan həm etibarlı tərəfdaş, həm də şaxələndirmə prosesinin mərkəzi aktoruna çevrilib. Bu, təkcə enerji resurslarının həcmi deyil, daha çox onların təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarına çatdırılması ilə bağlıdır. Dövlət başçısının sözləri bu reallığı bir daha təsdiqlədi: “Enerji əməkdaşlığımız artıq təkcə iqtisadi layihə deyil, Avrasiyanın təhlükəsizlik və sabitlik sütunlarından birinə çevrilib”. Azərbaycan enerji xəritəsində yeni səhifə açır: ölkə yalnız resurs ixrac edən deyil, həm də gələcəyin enerji istehsalçısı kimi qəbul edilir. Bu dönüşüm Azərbaycanın iqtisadi təhlükəsizliyini gücləndirdiyi kimi, beynəlxalq tərəfdaşların ölkəyə marağını daha da artırır”.

Deputat vurğulayıb ki, İlham Əliyevin Serbiyada keçirdiyi görüş zamanı səsləndirdiyi fikirlərə əsasən, bu ölkəyə təbii qaz ixracına başlanılması və tədarük həcmlərinin artırılması barədə qərar strateji əhəmiyyət daşıyır:

“ İdxal edilən qazın elektrik enerjisinə çevrilməsi Serbiyanın enerji təhlükəsizliyini gücləndirəcək və gələcək ixrac imkanlarını genişləndirəcək. Dövlət başçısı bildirib ki, hazırda Azərbaycanın enerji ixrac potensialı 2 giqavatdır, bərpaolunan enerji stansiyalarının tikintisi ilə bu göstərici artacaq, 2032-ci ilədək əlavə 8 giqavat güc yaradılacaq və onun böyük hissəsi Avropa bazarlarına yönəldiləcək. Bu məqsədlə isə daha geniş və müasir transmissiya infrastrukturunun qurulması prioritetdir. Bu liderlik təkcə siyasətdə deyil, həm də iqtisadi və enerji diplomatiyasında özünü göstərir. Transxəzər və Avropa istiqamətində genişlənən enerji layihələri, yeni yaşıl enerji xəttinin formalaşması, Xəzər hövzəsində əməkdaşlıq formatlarının gücləndirilməsi Azərbaycanın qlobal miqyasda strateji əhəmiyyətini daha da artırır. Bu dinamikanı Münxendə aparılan danışıqlarda tərəfdaş ölkələrin nümayəndələrinin diqqətə çatdırdığı fikirlər də təsdiqlədi. Azərbaycanın sabit inkişaf modeli və proqnozlaşdırıla bilən siyasəti onu enerji təhlükəsizliyi xəritəsinin ayrılmaz hissəsinə çevirib. Dövlət başçısının beynəlxalq platformalardakı fəal mövqeyi Azərbaycanın müasir diplomatiyasına yeni nəfəs verib”.

Deputat əlavə edib ki, Azərbaycan, nəinki regional prosesləri izləyən, həm də onları müəyyən edən bir mərkəzə çevrilib:

“Bu, həm ölkənin siyasi nüfuzunu yüksəldir, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş obrazını daha da gücləndirir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif güc mərkəzləri üçün sabitlik və əməkdaşlıq ünvanına çevrilir. Beləliklə, Azərbaycanın yüksəlişi təsadüfi deyil, sistemlidir. Bu yüksəlişin arxasında güclü dövlət idarəçiliyi, strateji düşüncə, qlobal prosesləri düzgün oxumaq bacarığı və gələcəyə hesablanmış siyasət dayanır. Bu istiqamət davam etdikcə, Azərbaycan təkcə regionda deyil, geniş beynəlxalq məkanlarda da mühüm söz sahibinə çevrilməkdə davam edəcək”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr