AZ

Əsarətin arxitekturası: Bir xalqın tarixi necə işğal edilib? MÜSAHİBƏ

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Memarlıq və antropologiya sahələrində ixtisaslaşmış müstəqil tədqiqatçı Sename Kofi Aqboginu hazırda beynəlxalq səviyyədə sərgilərin kuratoru kimi fəaliyyət göstərir, müxtəlif ölkələrdə mühazirələr deyir. Eyni zamanda, o, Afrika memarlığına həsr olunan Afrika Memarlığı (L"Africaine d'Architecture) platformasının və Toqoda fəaliyyət göstərən tullantıların təkrar emalı ilə bağlı layihələr hazırlayan laboratoriyanın (HubCity/WoeLabs) təsisçisidir, Afrikada müstəmləkəçilik dövrünün memarlıq və mədəni irsə təsirlərini araşdıran layihələrdə fəal iştirak edir.

S.K.Aqboginu Azərbaycana səfəri çərçivəsində müstəmləkə siyasətinin fəsadları, mübarizə yolları və Azərbaycanın əsarətdə olan xalqlara dəstəyi ilə bağlı Oxu.Az-a müsahibə verib.

- Apardığınız araşdırmalara əsasən, Afrikada müstəmləkəçilik səbəbi ilə hansı maddi-mədəni irs nümunələri zərər görüb?

- Mən toqoluyam, Toqo da Fransa müstəmləkəsi olub. Fransa kolonializminin nəticələrinə baxdıqda görürük ki, ingilis müstəmləkəçiliyi ilə eyni deyil, daha ağırdır. Memarlıq bir xalqın tarixində və həyatında çox böyük rol oynayır. Əgər siz bir xalqı zəiflətmək istəyirsinizsə, ilk növbədə onun memarlığından başlamalısınız. Çünki memarlıq insanın milli mənsubiyyətindən xəbər verir. Biz də bunu müstəmləkə dövründə çox yaxşı görmüşük. İstismarçılar əsarətdə saxladıqları ölkələri bir konfiqurasiyaya salmaq istəyirlər ki, sonra onların tərtib etdiyi proqram əsasında memarlığı davam etdirsinlər. Fikir verin, mən davam etdirsinlər dedim, inkişaf etdirsinlər yox. Çünki onlar özlərinin yaratdığı üslubda memarlığı davam etdirmək istəyirlər. Belə olan halda isə bir millətin düşüncə azadlığı da əlindən alınır.

Həmçinin mən şəhərsalma haqqında da danışmaq istəyirəm. Çünki müstəmləkəçi qüvvələr bir ərazini əsarət altına alan zaman əvvəlcə həmin ərazinin sahilində şəhərlər inşa etməyə başlayırlar. Bunun səbəbi də insanların daha yaxşı yerdə yaşamaları, dənizə yaxın olmaları ilə əlaqəli deyil, sahillərdə limanlar tikib, öz xeyirləri üçün istifadə etməkdir.

- Bəs bu, yerli insanlara necə təsir göstərib?

- Müstəmləkəçilik elə bir şeydir ki, insanın zahiri görünüşünə belə təsir edir. Müstəmləkə dövründə əsarətdə olan insanlar neytral olmalı idilər. Məsələn, kolonializmdən əvvəl afrikalıların özlərinə məxsus saç düzümləri var idi. Lakin müstəmləkəçi ölkələr gəlişləri ilə Avropa tərzində saç düzümləri tətbiq etməyə başladılar və yerli əhaliyə məxsus tərz itməyə başladı.

- Müstəmləkə siyasətinin Afrika xalqlarına iqtisadi təsirləri necə olub?

- Məcburi əmək hər zaman müstəmləkə siyasətinin əsas qollarından biri olub. Bu dövrdə yerli sakinlərə qarşı davranış, həqiqətən, ağır idi, hətta onlar qul olduqları üçün sahibləri belə var idi. Müstəmləkəçilər yerli istehsalın qarşısını almağa çalışır və istəyirdilər ki, işğal etdikləri ərazilərə ərzaq da öz ölkələrindən gəlsin. Bu faktor da onların iqtisadiyyatına töhfə verirdi.

- Memarlıq və antropologiya sahələrində ixtisaslaşmış müstəqil tədqiqatçısınız. Bu sahədə hansı araşdırmalar aparmış və konkret olaraq imperialist ölkələr tərəfindən məqsədyönlü şəkildə hansı maddi-mədəni irs nümunələrinin məhv edildiyini üzə çıxarmısınız?

- Müstəmləkə siyasəti Afrika memarlığını çox dəyişib. Məsələn, müstəmləkədən əvvəl Toqoda həddindən artıq çoxlu yerli memarlıq nümunələri var idi, lakin avropalı istismarçılar əksəriyyətini məhv etdilər. Çünki onlar düşünürdülər ki, bu, bizim müqavimətimizin bir elementidir. Müstəmləkəçilikdən əvvəl bəzi afrikalılar düşünürdülər ki, fransızlar yaxşı insanlardır, çünki onlar bizi işğal ediblərsə, deməli, güclüdürlər, güclüdürlərsə, deməli, hansı memarlıq tərzinin daha yaxşı və ya pis olduğunu bilirlər. Beləliklə, Toqoda bəzi insanlar bu ölkələrin memarlıq üslubunu mənimsəməyə başladılar. Əvvəllər Afrikada xalqlar palçıqdan hazırlanmış evlərdə yaşayırdılar və bu gün də Afrikada bəzi yerlədə palçıqdan hazırlanmış evlər var. Amma belə evlərdə yaşayırsınızsa, sizi vəhşi, sivilizasiyadan uzaq insanlar kimi görənlər də var. Əgər siz müasir evlərdə yaşayırsınızsa, guya daha mədənisiniz. Ona görə də, əslində, kasıb yaşayan xalqlar yerli memarlıq üslubunu çox yaxşı qoruyub-saxlayıblar. Bunun səbəbi isə ürəkaçan deyil. Çünki kasıb insanların müasir tərzdə evlər inşa etməyə maddi imkanları çatmır. Buna görə də Afrikaya məxsus memarlıq tərzi ilə bağlı tədqiqat aparmaq istəsəniz, ilk növbədə kasıbların yaşadığı evlərə baxmaq lazımdır. Buna görə də belə nəticəyə gəlmək olar ki, əslində, yerli memarlıq üslubunu kasıb yaşayan xalqlar qoruyub-saxlaya biliblər.

- Azərbaycanın müstəmləkə siyasətinə qarşı apardığı mübarizəni və müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdiyi dəstəyi necə qiymətləndirirsiniz?

- Dünyada bir çox xalqlar müstəmləkəçilikdən əziyyət çəkiblər. Azərbaycan da vaxtilə sovet işğalı altında olub və bu baxımdan, bizi birləşdirən bir səbəb də budur. Azərbaycan hazırda coğrafi olaraq çox yaxşı bir regionda yerləşir və həm Avropa, həm ərəb dünyası ilə yaxındır. Eləcə də Afrikadan elə də uzaqda deyil. Azərbaycanın müstəmləkə siyasəti əleyhinə qlobal mərkəzə çevrilməsi, həqiqətən də, təqdirəlayiqdir. Xüsusən də Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini bu xüsusda qeyd etmək lazımdır. Mən BTQ-ni təqdir edirəm ki, müstəmləkəçiliyə qarşı mübarizəni bir yox, bir neçə fərqli istiqamətdə davam etdirir. Mən müstəmləkəçiliyə qarşı BTQ kimi mübarizə aparan ikinci bir təşkilat görməmişəm.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
125
oxu.az

1Mənbələr