Cenevrə danışıqlarının siyasi bloku başa çatıb, hərbi blok üzrə isə müzakirələr davam edir.
"Far.Az" xəbər verir ki, bu barədə BBC Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, siyasi məsələlərə məsul olan rəsmilər məsləhətləşmələri yekunlaşdırıblar. Eyni zamanda, nümayəndə heyətlərinin hərbi məsələlər üzrə üzvləri işlərini hələ də davam etdirirlər.
"Siyasi və hərbi qruplar işlərinə sabah səhərdən davam edəcəklər. Sabah danışıqların nəticələrinə dair tərəflərdən bəyanatlar gözləyirik", - deyə agentlik bildirib.
Qeyd edək ki, məsləhətləşmələr artıq beş saatdır davam edir. Görüşlər "InterContinental" hotelində qapalı rejimdə keçirilir.
İsveçrənin Cenevrə şəhərində Ukrayna, Rusiya və ABŞ arasında danışıqların növbəti raundu başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
ABŞ tərəfdən danışıqlarda Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner iştirak edir.
Öz növbəsində, CNN telekanalının jurnalisti Heyli Britski məlumat verib ki, ABŞ nümayəndə heyətinə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Aleksus Qrinkevic və ABŞ ordu naziri Den Driskoll qoşulub.
Xatırladaq ki, üçtərəfli danışıqların əvvəlki raundu fevralın 4-5-də Əbu-Dabidə keçirilib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqların konstruktiv keçdiyini bildirib.