AZ

“Napoli” iki həftəyə ikinci turniri də tərk etdi! - İCMAL

Startı fevralın 4-də “İnter” - “Torino” oyunu ilə verilən İtaliya kubokunun 1/4 finalında ayın 10-11-də daha iki matç keçirildi.

"Football-plus.az" xəbər verir ki, hər iki oyunda qalib penalti seriyası ilə müəyyənləşdi.

Əvvəlcə Neapolda kubok həyəcanı yaşandı. Maraq üçün “Komo”nın bu mövsüm “Napoli” ilə ilk görüşündə qalibin müəyyənləşmədiyini xatırladaq. A seriyasının 10-cu turunun ötən il noyabrın 1-də Neapolda keçirilən oyununda hesab açılmamışdı. Halbuki Morata komandasına qələbə qazandıra bilərdi. Lakin qapıçı Milinkoviç-Saviç ilk hissədə komoluların ispaniyalı hücumçusunun penalti zərbəsini dəf etmişdi. Komandaların növbəti görüşü də Dieqo Maradonanın adını daşıyan stadionda keçiriləcəkdi. “Napoli”nin bu dəfə cari mövsümün əsas sürprizi sayılan “Komo”nu evə əliboş yola salmağa çalışacağı aydın məsələ idi. Bu da var ki, son həftələr heyətlə bağlı problemlə üzləşən neapolluların işi daha da çətinə düşmüşdü. Zarafat deyil, İtaliyanın son çempionu De Bruyne, Zambo Angissa, Neres və Di Lorentsodan sonra Maktomineyi də zədə səbəbindən itirmişdi. Bu qədər əhəmiyyətli itkilər sonda komoluların işinə yaradı.

Fransesk Fabreqasın çalışdırdığı komanda çətin səfərdə oynamasına baxmayaraq, oyun planında rəqibdən geri qalmadı, hətta bir sıra statistik göstəricilərdə üstün oldu. Fasilə ərəfəsində cərimə meydançasında Smolçiçə qarşı kobud hərəkətə görə təyin olunan penaltini Baturina dəqiq yerinə yetirdi. Ev sahibləri buna cavabı fasilədən dərhal sonra verdilər. Verqara Höylunnun ötürməsi ilə yerli publikanı ayağa qaldırdı. Amma neapollular cavab qolunu vurandan sonra uğurun davamını gətirə bilmədilər. Reqlamentə əsasən, əlavə vaxta ehtiyac olmadan birbaşa penalti seriyası tətbiq olundu. Bu seriyada qonaqların yalnız bir oyunçusu – Perrone hədəfə düşə bilmədi, Lukaku ilə Lobotkanın şansları boşa verməsi “Komo”nu yarımfinalın üçüncü iştirakçısı etdi. “Napoli” isə iki həftəyə ikinci turniri də tərk etdi: Kontenin komandası Çempionlar Liqasının liqa mərhələsini 30-cu yerdə başa vuraraq avrokubok mövsümünə erkən “əlvida” demişdi.
“Komo”nun komandasının növbəti mərhələdə “Bolonya” - “Latsio” oyununun qalibi ilə qarşılaşacağı əvvəlcədən məlum idi. Bu komandalar arasında İtaliya çempionatında baş tutan ilk oyunda qalib müəyyənləşməmişdi: Romada ötən il dekabrın 7-də keçirilən matç 1:1 hesabıyla nəticələnmişdi. Bu dəfə Bolonyada qarşılaşan rəqiblər yenə eyni hesaba razılaşdılar.

Penalti seriyası ev sahiblərinin böyük uğursuzluğu ilə nəticələndi: yalnız Dallinqa qapıya yol tapa bildi. Qonaqların 4 cəhdinin hamısı qolla nəticələndi və turnirin son qalibi olan “Bolonya” titulu əldən verdi.

1/4 final
Napoli – Komo 1:1, p. - 6:7

Verqara, 46 – Baturina, 39-p.
Napoli: Milinkoviç-Saviç, Juan Jezus, Rrahmani, Beukema, Olivera (Spinatsola, 60), Lobotka, Elmas, Matsokki (Politano, 60), Jovane (Santos, 60), Verqara (Qutyerres, 74), Höylunn (Lukaku, 74).
Komo: Butez, Ramon (Kempf, 53), Dieqo Karlos, Valye, Smolçiç, Roberto (Rodriges, 67), Kakere (Duvikas, 53), Perrone, Adday (Da Kunya, 67), Baturina, Pas (Voyvoda, 82).

Bolonya – Latsio 1:1, p. - 1:4
Kastro, 30 – Noslin, 48.
Bolonya: Skorupski, Zortea, Vitik, Miranda, Lukumi (Hellann, 80), Moro (Fröyler, 62), L.Ferqyuson, Kambyaqi (Bernardeski, 70), Odqor (Zom, 70), Orsolini, Kastro (Dallinqa, 80).
Latsio: Provedel, Luka Pelleqrini (Tavareş, 80), Romanyoli, Xila, Maruşiç, Teylor, Rovella (Kataldi, 61), Dele Başiru, Pedro (Noslin, 45), Maldini (Dia, 61), İsaksen (Kançelyeri, 80).

Bu mərhələnin fevralın 4-5-də keçirilən oyunlarının nəticələri: İnter – Torino 2:1 (Bonni, 35. Diuf, 48 - Kulenoviç, 57), Atalanta – Yuventus 3:0 (Skamakka, 27-p. Sulemana, 77. Paşaliç, 85).

İlk oyunları martın 4-də keçiriləcək yarımfinalda cütlər belə formalaşıb: Atalanta - Latsio, Komo - İnter.

Seçilən
117
1
football-plus.az

2Mənbələr