Bakıda istilik xəttində yaranmış problemi aradan qaldırmaq üçün götürülən beton piltələr sonradan yerinə bərpa olunmayıb.
Nəticədə ərazidə təhlükəli vəziyyət yaranıb. Xətai rayonu, Gəncə prospekti 20A ünvanında yaşayan bir qrup sakin "Xəzər Xəbər"in qaynar xəttinə bununla bağlı müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, onlar bildiriblər ki, təxminən 1 ay öncə ərazidən keçən istilik xəttində yaranan nasazlığı aradan qaldırmaq üçün piyada yolundakı beton piltələr götürülüb. Xətti təmir ediblər, lakin yol hələ də yarasızdır.
Sakinlər bərpa işləri aparılanadək ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Basqallı "Xəzər Xəbər"ə bildirib ki, fevral ayının 5-i magistral xəttə baş verən axıntının qarşısının alınması və təmir-bərpa işlərinin görülməsi üçün beton piltələr götürülüb və xətt təmir olunub. Ərazi təhlükəsizlik üçün lentlə bağlanılıb. Bu həftə ərzində beton piltələr yerinə qoyulacaq və küçə əvvəlki vəziyyətinə qaytarılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.