AZ

Pley-offun ilk oyunu:

Sabah Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” İngiltərənin "Nyukasl Yunayted" klubu ilə qarşılaşacaq. Bəs Azərbaycan təmsilçisi bu çətin matçda nələrə diqqət etməlidir? Futbol eksperti Natiq Muxtarlı Metbuat.az-a açıqlamasında bildirib ki, “Nyukasl” ilə oyun Azərbaycan futbolu üçün tarixin ən böyük qarşılaşmalarından biridir. Bunu birmənalı şəkildə belə adlandırmaq olar. Çünki Azərbaycan klubunun Çempionlar Liqasının 1/16 final mərhələsində oynaması artıq möcüzə sayılır: “Hətta demək olar ki, bu möcüzə yaxın 20–30 ildə bir daha təkrarlanmaya da bilər. Bu, təxminən Azərbaycan millisinin dünya çempionatına vəsiqə qazanması ilə müqayisə oluna biləcək səviyyədə hadisədir. Təbii ki, çox çətin və ağır oyun olacaq. Qarşılaşmanın taleyi yalnız futbolçuların performansından asılı olmayacaq. Meydandakı digər amillər – zədələr, qırmızı vərəqələr, hakim qərarları da nəticəyə təsir göstərə bilər. Heç kimə sirr deyil ki, UEFA turnirlərində böyük klublara münasibətdə zaman-zaman ikili standartlar barədə iddialar səslənir. “Qarabağ” da əvvəlki illərdə hakim qərarlarından narazı qaldığı məqamlarla üzləşib. Ola bilsin ki, bu oyunda da müəyyən mübahisəli epizodlar yaşansın. Bununla belə, “Ayntraxt”la oyundan sonra ölkə Prezidentinin hakimliklə bağlı paylaşımı və UEFA-ya çağırışı bəlkə də müəyyən mənada diqqət faktorunu artırar”. Ekspertin sözlərinə görə, komanda xüsusilə müdafiədə maksimum diqqətli olmalıdır: “Rəqib ustadır, keyfiyyətli futbolçulardan ibarətdir və ələ düşən imkanlardan maksimum yararlanmağı bacarır. Çempionlar Liqasında bu tip oyunlarda adətən şanslarını daha effektiv dəyərləndirən tərəf qalib gəlir. “Qarabağ”ın da şansları olacaq. Lakin həmin fürsətlərdən yararlanmaq əsas şərtdir. Ən azı Bakıdakı oyunda “Qarabağ” müəyyən üstünlük qazanmaq üçün mübarizə apara bilər. Rəqib İngiltərə Premyer Liqasının təmsilçisidir. “Qarabağ” da Premyer Liqa klubudur, lakin Azərbaycan Premyer Liqasının komandasıdır. Aradakı fərq böyükdür və bu reallığı qəbul etmək lazımdır. İngiltərə çempionatının səviyyəsi, tempi, infrastrukturu ilə Azərbaycan çempionatının imkanları müqayisəolunmazdır. Bu, acı da olsa reallıqdır. “Nyukasl”la oyun “Şamaxı”, “İmişli”, “Sabah” və ya “Neftçi” ilə oyun deyil. İngiltərə klublarının təklif etdiyi sürət və dinamika çox yüksəkdir. Bu temp qarşısında hər komanda davam gətirə bilmir. Bunu daha əvvəl “Liverpul”la oyunda da görmüşük. Ona görə də “Qarabağ” avantüraya qapılmamalı, səliqəli oynamalı, müdafiədə diqqətli, hücumda isə bitirici olmalıdır. Xüsusilə mərkəz xəttə nəzarət vacibdir. Çünki orta sahə rəqibin nəzarətində olarsa, şanslarımız xeyli azalacaq”. N.Muxtarlı rəqibin zəif tərəflərindən də danışıb: ““Nyukasl” həm çox qol vurur, həm də qol buraxır. Hücuma meyilli komandadır, lakin müdafiədə boşluqlar verir. Bu boşluqlardan istifadə etmək mümkündür. Eyni zamanda, yersiz qırmızı vərəqə və penalti epizodlarına şərait yaratmamaq həyati əhəmiyyət daşıyır. Bütün hallarda, nəticədən asılı olmayaraq azarkeşlər stadiona gedərək “Qarabağ”a təşəkkür etməlidirlər. Çünki komanda artıq öz potensialının fövqündə çıxış edərək həm iştahımızı, həm də iddialarımızı artırıb. Amma unutmamalıyıq ki, qarşımızda Premyer Liqa təmsilçisi var və bu, Çempionlar Liqasıdır. Reallıq budur ki, büdcə, infrastruktur və imkanlar baxımından fərq böyükdür. “Qarabağ” meydanda sonadək mübarizə aparacaq. Nəticənin necə olacağını isə oyun göstərəcək. Ancaq nəticədən asılı olmayaraq bu komandaya minnətdarlıq borcumuz var və bunu tribunalarda dəstəyimizlə ifadə etməliyik”. Qeyd edək ki, görüş fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
88
metbuat.az

1Mənbələr