Fevralın 17-də Azərbaycan Milli Konservatoriyasında “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub. İncəsənətin ən zəngin səhifələrini özündə cəmləşdirən “Övraqi-nəfisə”, 1 əsr sonra milli mətbuatımızın 150 illik yubileyinə töhfə vermək niyyətilə “Ədibin evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətirilib. ADA Universitetinin təşəbbüs və dəstəyi sayəsində ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq nəfis bir tərtibatla nəşr edilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirib ki, “Övraqi-nəfisə” ifadəsi nəfis, incə və dəyərli səhifələr anlamını daşıyır. Onun sözlərinə görə, zaman keçəcək, lakin bu layihə Azərbaycan mədəniyyətinin, milli incəsənətimizin və ümumən ədəbiyyat-musiqi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda qalacaq.
“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq və tərcüməçi Azad Ağaoğlu, Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar.
Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev təqdimat mərasiminin çox gözəl sözlərlə yadda qaldığını bildirib və əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.