Dünən, çərşənbə axşamı, 17 fevral tarixində, Cenevrədə İran və ABŞ arasında danışıqların ikinci mərhələsi keçirilib. Bu barədə Reuters məlumat verib.
İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, danışıqlar daha məzmunlu olub və hər iki tərəfin razılaşmanın hazırlanmasına yönəlmiş fikirlər təqdim etdiyini əlavə edib. O, həmçinin bildirib ki, İran və ABŞ yeni danışıqlar üçün tarix təyin olunmazdan əvvəl razılaşma üçün zəmin yaratmaq məqsədilə mətnlər mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Əraqçi Trampın elçiləri Stiv Vitkoff və Cared Kuşnerlə danışıqlardan sonra bildirib: "Bu, tezliklə razılığa gələ biləcəyimiz anlamına gəlmir, amma heç olmasa yol başlayıb".
WSJ mənbəyi İranın "mövqeyimizdəki bəzi qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün" mətni iki həftə ərzində təqdim etməyə razı olduğunu aydınlaşdırıb.
Xatırladaq ki, Axios bu yaxınlarda ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun Ağ Evdə keçirilən görüşdə İrana, əsasən Çinə neft satışı ilə bağlı təzyiq göstərmək barədə razılığa gəldikləri barədə məlumat verib.
Bir az sonra CBS News Vaşinqtonun İranın nüvə proqramı üçün müxtəlif ssenariləri nəzərdən keçirdiyini bildirib. Diplomatiya uğursuz olarsa, ABŞ İsrailin hərbi əməliyyatlarını dəstəkləməyi istisna etmir.
Reuters həmçinin İranın nüvə danışıqları çərçivəsində ABŞ-a genişmiqyaslı iqtisadi razılaşma təklif etdiyini bildirib. Tehran sanksiyaların aradan qaldırılması müqabilində neft və qaz yataqlarına və aviasiya bazarına giriş açmağa hazırdır.
Əziz MUSTAFA