AZ

Uşaqlarda riyaziyyat niyə çətin mənimsənilir? - ARAŞDIRMA

Stanford University alimləri müəyyən ediblər ki, bəzi uşaqlarda riyaziyyatla bağlı çətinliklər təkcə ədədləri anlamaqla deyil, həm də beynin səhvlərə necə reaksiya verməsi ilə bağlıdır.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "The Journal of Neuroscience" jurnalında dərc olunub.

Araşdırmaya rəhbərlik edən Hesanq Çanqın sözlərinə görə, eksperiment zamanı uşaqlara sadə müqayisə tapşırıqları təqdim edilib. Onlardan iki ədəd arasında hansının böyük olduğunu (məsələn, 4 və ya 7) müəyyən etmək, həmçinin nöqtələrdən ibarət iki qrupdan hansının daha çox olduğunu seçmək tələb olunub. Bu yanaşma həm riyazi simvolların qavranılmasını, həm də miqdarın intuitiv dərkini yoxlamağa imkan verib.

Tədqiqatçılar yalnız düzgün cavabları deyil, uşaqların səhvdən sonra davranışlarını da təhlil ediblər. Xüsusi riyazi model vasitəsilə onların səhvdən sonra strategiyanı dəyişib-dəyişmədiyi və tapşırıqlar boyu nə dərəcədə sabit hərəkət etdikləri izlənilib.

Nəticələr göstərib ki, riyaziyyatda çətinlik çəkən uşaqlar səhv cavabdan sonra yanaşmalarını daha az dəyişirlər. Onlar fərqli səhv növləri ilə qarşılaşsalar belə, strategiyalarını uyğunlaşdırmırlar. Məhz düşüncə tərzini çevik şəkildə korrektə edə bilməmək bu uşaqları tipik riyazi bacarıqlara malik həmyaşıdlarından fərqləndirən əsas amil olub.

Beyində baş verən prosesləri araşdırmaq üçün neyrovizualizasiya metodlarından istifadə edilib. Skan nəticələri göstərib ki, riyazi çətinlikləri olan uşaqlarda tapşırıqların icrasına nəzarət və davranışın tənzimlənməsinə cavabdeh olan beyin sahələrində aktivlik daha aşağıdır. Bu sahələr koqnitiv nəzarət yəni səhvləri izləmək, strategiyanı dəyişmək və yeni informasiyaya uyğunlaşmaq bacarığı ilə əlaqələndirilir.

Alimlər bildiriblər ki, həmin beyin bölgələrində aktivliyin səviyyəsi uşağın riyazi bacarıqlarının tipik və ya atipik inkişaf qrupuna aid olub-olmadığını proqnozlaşdırmağa imkan verir. Bu isə göstərir ki, beyin fəaliyyətindəki fərqlər tədris çətinliklərinin formalaşmasında mühüm rol oynaya bilər.

Tədqiqat müəllifləri modelin daha geniş və müxtəlif uşaqlar qrupu üzərində sınaqdan keçirilməsini planlaşdırırlar. Məqsəd strategiyanın uyğunlaşdırılması ilə bağlı problemlərin digər akademik çətinliklərin də əsasında dayanıb-dayanmadığını müəyyən etməkdir.

Nuriyyə NATİQQIZI

Seçilən
83
1
redaktor.az

2Mənbələr