AZ

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

Keşiş, vətəndaş hüquqları lideri və Demokratlar Partiyasından iki dəfə prezidentliyə namizəd olmuş Cessi Cekson 84 yaşında vəfat edib. Bu barədə "CNBC News" telekanalı məlumat verib.

Cessi Cekson irqi ayrı-seçkiliyə qarşı fəal mübarizə aparan və cəmiyyətin bütün təbəqələri üçün bərabərliyi təbliğ edən görkəmli vətəndaş hüquqları fəallarından biri idi. 1960-cı illərdə o, Amerika vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqin müttəfiqi olub və sui-qəsddən sonra ABŞ-də afroamerikalıların hüquqları uğrunda mübarizəsini davam etdirib.

1984 və 1988-ci illərdə C.Cekson bir neçə ilkin seçkilərdə qalib gələrək Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürüb. Onun prezidentlik kampaniyalarının əsas mövzusu irqi azlıqlar, işçi sinfi və qadınlar üçün bərabərliyi dərinləşdirmək olub.

Ailəsinin C.Ceksonun vəfatı ilə bağlı yaydığı bəyanatda deyilir: "Onun ədalətə, bərabərliyə və sevgiyə sarsılmaz inamı milyonlarla insana ilham verdi və sizdən yaşadığı dəyərlər uğrunda mübarizəni davam etdirərək onun xatirəsini yad etməyinizi xahiş edirik."

C.Ceksonun ölüm səbəbi hələ açıqlanmayıb. Lakin o, noyabr ayında qan təzyiqinin sabitləşməsi üçün xəstəxanaya yerləşdirilmiş və ABŞ Milli Nevroloji Xəstəliklər və İnsult İnstitutunun bildirdiyinə görə, "bədən hərəkətinə, yeriməyə və tarazlığa, eləcə də göz hərəkətlərinə təsir edən nadir nevroloji xəstəlik" sayılan mütərəqqi supranuklear iflic (PSP) səbəbindən müşahidə altında olmuşdu.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
92
azerbaijan-news.az

1Mənbələr