AZ

Məhkəmə söyüşə görə tanışına 12 bıçaq zərbəsi vuran şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əkbər Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Əkbər Əhmədovun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Əkbər Əhmədovun cinayət əməli Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən, həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

İttihama görə, hadisə 08 yanvar 2024-cü il tarixdə İmişli şəhəri, A.Məmmədov küçəsində qeydə alınıb.

 

Belə ki, olaydan 2 gün əvvəl parkda zərərçəkmiş Fərid Səfərov (soyadı şərtidir) 2008-ci il təvəllüdlü Əkbər Əhmədovu nalayiq ifadələrlə təhqir edib. Hadisə günü o, evdə olarkən “Whatsapp” vasitəsi ilə zərərçəkmiş şəxsin tanışına səs göndərərək Fəridi bıçaqla vuracağı, əks halda özünü təhqir olunmuş hesab edəcəyini bildirib. Həmin şəxs isə öz növbəsində həmin səsli ismarıcı zərərçəkmiş şəxsə göndərib. Sonra Fərid bundan qəzəblənərək “Whatsapp”da Əkbərin hesabına nalayiq ifadələrdən ibarət səsli və yazılı ismarıclar göndərərək onu təhqir edib. Bundan əsəbiləşən Əkbər qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. Daha sonra o, küçədə Fəridlə qarşılaşıb və aralarında əlbəyaxa mübahisə yaranıb. Bu zaman Əkbər şalvarının arxa cibindən yerə düşən bıçağı götürərək Fəridin yaxın adamlarının gözləri qarşısında ona ümumilikdə 12 zərbə endirərək xəsarət yetirib.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Tarix: 18 Fevral 2026, 10:10   
Seçilən
55
8
pravda.az

9Mənbələr