Hamiləlik dövründə qadınlarda tez-tez müşahidə olunan dəri problemlərindən biri də “hamiləlik ləkələri” kimi tanınan melazmadır.
Pravda.az bildirir ki, bu vəziyyət əsasən hormonal dəyişikliklər nəticəsində yaranır və xüsusilə üz nahiyəsində tünd rəngli ləkələrlə özünü göstərir.
Hamiləlik zamanı artan estrogen və progesteron hormonları dəridə melanin istehsalını gücləndirir. Nəticədə alın, yanaqlar, burun, dodaq üstü və çənə bölgəsində qəhvəyi və ya tünd rəngli ləkələr əmələ gələ bilər. Günəş şüaları isə bu ləkələrin daha da qabarıq görünməsinə səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, hamiləlik ləkələri əksər hallarda sağlamlıq üçün təhlükəli deyil və doğuşdan sonra hormon səviyyəsi normallaşdıqca tədricən azala bilər. Lakin bəzi hallarda ləkələr tam keçməyə bilər və dermatoloji müdaxilə tələb oluna bilər.
Həkimlər hamiləlik dövründə günəşdən qoruyucu vasitələrdən istifadə etməyi, birbaşa günəş şüalarından uzaq durmağı və dəriyə uyğun baxım məhsulları seçməyi tövsiyə edirlər. Erkən profilaktik tədbirlər ləkələrin yaranma riskini azalda bilər.
Əminə Bayramova