"Əzələ qıcolmaları çox vaxt maqnezium çatışmazlığı ilə əlaqəli olmur".
Azreform.info "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı Daria Boqomolova danışıb.
O bildirib ki, sağlam insanlarda əzələ qıcolmaları əksər hallarda maqnezium çatışmazlığından deyil, həddindən artıq fiziki yüklənmə və susuzlaşmadan qaynaqlanır.
Onun sözlərinə görə, problem çox vaxt əzələlərin həddən artıq yüklənməsi, yorğunluq və intensiv məşqlərlə bağlı olur. Nəticədə güclü spazm hiss edilir. Maqnezium qəbulunun qıcolmalara qarşı effektiv olması ilə bağlı geniş yayılmış fikir isə klinik tədqiqatlarda təsdiqini tapmayıb.
Mütəxəssis əlavə edib ki, qıcolmalar tez-tez susuzlaşma fonunda, ayaq patologiyaları (yastıpəncəlik, valgus deformasiyası), narahat ayaqqabı və ya hündürdaban ayaqqabı geyinilməsi, eləcə də uzun müddət fasiləsiz ayaqüstə qalmaq və ya oturmaq nəticəsində baş verə bilər.
Bundan başqa, şiş əleyhinə dərmanların qəbulu, alkoqoldan sui-istifadə və nəzarətsiz sidikqovucu istifadəsi də qıcolma riskini artırır.
Həkimin sözlərinə görə, əzələ spazmları həmçinin ateroskleroz, qalxanabənzər vəz fəaliyyətinin pozulması, anemiya və tetanus kimi xəstəliklərin əlaməti ola bilər. Hamilə qadınlarda isə bu hallar daha çox çəki artımı, mineral balansın pozulması və ayaqlarda ödemlə əlaqələndirilir.
Boqomolova vurğulayıb ki, maqnezium çatışmazlığı qıcolmaların nadir səbəbidir və əsasən ağır xroniki böyrək və ya bağırsaq xəstəlikləri zamanı rast gəlinir.
Qıcolma riskini azaltmaq üçün o, gündə orta hesabla 1,5–2 litr su içməyi (əks göstəriş yoxdursa), uzun müddət eyni vəziyyətdə qalmamağı və hər 30–50 dəqiqədən bir qısa hərəkət fasiləsi etməyi tövsiyə edir.
Bundan əlavə, rahat ayaqqabı geyinmək və spirtli içkidən imtina etmək məsləhət görülür.
Həmidə İbrahimova