AZ

Çinli ekspert: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində regional mərkəzə çevrilir

Bakı, 18 fevral, AZƏRTAC

Çinin “Bir kəmər, bir yol” təşəbbüsü qlobal miqyasda əhəmiyyətli layihədir və bir çox ölkələr, insanlara real fayda gətirib. Bu təşəbbüsün əsas məqsədi dünya ölkələri arasında iqtisadi əlaqələri möhkəmləndirmək, ticarət marşrutlarını genişləndirmək və xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur çatışmazlığını aradan qaldırmaqdır.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Çinin Tsinghua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin sədri Zhou Bo bildirib.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə yol, dəmir yolu, liman və enerji infrastrukturu kimi əsas sahələrdə mövcud olan çatışmazlıqlar, iqtisadiyyatın inkişafını ləngidir və regional inteqrasiyanı çətinləşdirir.

“Çinin bu sahədə böyük təcrübəyə və praktik imkanlara malik olması layihənin uğurunun əsas səbəblərindən biridir. Azərbaycan kontekstində baxdıqda “Bir kəmər, bir yol” təşəbbüsü çoxsaylı imkanlar təqdim edir. Son dövrlərdə Çin-Azərbaycan iqtisadi münasibətlərində müşahidə olunan inkişaf iki ölkə arasındakı ticarət dövriyyəsinin və investisiya əlaqələrinin gücləndiyini göstərir. Xüsusilə infrastruktur, nəqliyyat və logistika sahələrində əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Çünki ölkəniz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və regional ticarət mərkəzi kimi rolunu gücləndirməkdədir”, - deyə mərkəz rəhbəri vurğulayıb.

Gələcək əməkdaşlığın perspektivlərinə gəldikdə, Zhou Bo əlavə edib ki, Çin və Azərbaycan arasında mövcud dostluq və etimad mühiti iki ölkə üçün geniş imkanlar yaradır: “Bu əməkdaşlıq yalnız iqtisadi sahədə deyil, eyni zamanda, siyasi, elmi-texnoloji, enerji və kənd təsərrüfatı sahələrini də əhatə edə bilər. Məsələn, enerji layihələri, yüksək texnologiyalı sənaye sektorlarının inkişafı və investisiya təşviqi kimi sahələrdə iki ölkə arasında strateji tərəfdaşlıq qurmaq mümkündür. Lakin bu əməkdaşlığın tam potensialını reallaşdırmaq üçün hər iki tərəfin hökumət nümayəndələri, biznes strukturları və ekspertləri arasında əlavə müzakirələr aparılmalıdır. Bu müzakirələr gələcək layihələrin prioritetlərini müəyyənləşdirməyə, investisiya risklərini qiymətləndirməyə və konkret texniki-iqtisadi planları işləməyə imkan verəcək. Çin-Azərbaycan əməkdaşlığı yalnız ikitərəfli münasibətləri möhkəmləndirməyəcək, həm də regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı faydanın artmasına şərait yaradacaq”.

Seçilən
74
2
azertag.az

3Mənbələr