AZ

Beyni işlətmək, yoxsa çənəni?!

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Berkli Universitetindən neyropsixoloq, professor Saul Rozensveyq sübut edib ki, beyin nə qədər az işləyirsə, o qədər tez korşalır.

İnsan düşünməkdən, müstəqil qərar verməkdən geri qaldıqca, danışmağa və ittiham etməyə daha çox meyllənir. Günümüzdə bu metaomarfozanı daha çox görürük, izləyirik: insanlar bir-birini anlamağa deyil, bir-birini danlamağa daha çox meyllənir. İndi istəmədən içərisinə düşdüyümüz burulğan - "qarşılıqlı söyüşmə" üslubu da buradan irəli gəlir. Fakt - axtarış istəyir, arqument məntiqi incləmədən doğur, nəticə çıxarmaq təhlil tələb edir. Bütün hallarda beyin işləyir; faktları çeşidləyir, arqumentləri formalaşdırır, nəticə çıxarır. Düşünməyi isə hər adam istəmir. Ona görə Karl Qustav Yunq deyirdi: "Çox adam düşünmək zəhmətinə qatlaşmaqdansa, sürüyə qoşulmağı seçir". Sürünün isə, bilirsiniz, öz stixiyası var.

Toplum olaraq elə yerə gəlib çıxmışıq, düşünmək istəyən az adam var, ona görə də hamı danışır, deyinir, ya da, sadəcə, mızıldanır, donquldanır. Bu donqultular isə çox hallarda söyüş " janr"ındadır. Heç kim özündə yanlış axtarmır, heç kim özünə tənqidi yanaşmır, "heç ayranına " turş" demir".

Rozensveyqin "Dodo quşu hökmü"nü tərsdən oxumuşuq: professorun postulatı hamını eyni vaxtda, eyni dərəcədə qalib elan edirdi. Biz isə eyni vaxtda, eyni dərəcədə... MƏĞLUBUQ. Özü də eyni səbəbdən və hamılıqla.

Artıq günahkarcasına da yox, lap elə cinayətkarcasına aqressivləşmiş bir ortam yaradıb, özümüzü ora həbs etmişik, ya da həsr edirik.

Rozensveyq bu aqressiyanın yönəlmə vektorlarını da incələmişdi. Belə nəticəyə gəlmişdi ki, aqressiyanın üç istiqaməti var. Onlardan ekstrapunitivdir, yəni sən günahı başqasına yönəldirsən. O birisi intrapunitivdir – sən günahı özünə yönəldirsən. Amma bir də var, impunitiv istiqamət. Yəni, ümumiyyətlə, günahı inkar edirsən.

Hər cəmiyyətdə bir qism şeydən, ya çox şeydən, yaxud hər şeydən narazılar olur. Bu, cəmiyyətin təbii qanunauyğunluğudur. Hər kəsin özünə və başqalarıba - öz daxilində və ətrafda baş verənlərə tənqidi təfəkkürlə yanaşması normaldır. Anormal olan, bilirsiniz, nədir?! Araşdırmadan, soruşdurmadan ittiham etmək, ağına-bozuna baxmadan, günahlandırmaq.

Dediyim kimi, anlamağa deyil, danlamağa güc vermək az qala normaya dönür. Bu yerdə isə kimin gücü nə qədərdirsə, o qədər danlayır. Bu cür ortamda aqressiyanın iki istiqamətini müşahidə edirik: öz günahını başqasına yükləmək, ya da, ümumiyyətlə, günahı inkar etmək. Bu sonuncusu "dəvəquşu taktikası"dır: başını qumun içində gizlədirsən və elə bilirsən, səni görən yoxdur.

Tənqidi təfəkkür bir şeydir, təhqirə köklənmiş təfəkkürsüzlük başqa şey. Sən bu cəmiyyətdən çıxıb, gedib başqa yerdə yaşaya bilərsən, bir daha bu cəmiyyətə dönməyə də bilərsən. Ancaq bu cəmiyyətin üzünü istədiyin səmtə döndərə bilməzsən. Buna haqqın da çatmaz, gücün də.

Tənqidini edəcəksən, ancaq təhqir etməyəcəksən. Sənin bir şəxsə yönəltdiyin aqressiya nəticədə cəmiyyəti zədələyirsə, sən də bunu bilə-bilə öz bildiyini oxuyursansa, ya gücü çatdığı yerdə sənə dövlət hökm oxuyacaq, ya haqqı çatdığı üçün millət, ya da vaxtı çatanda tarix.

Sən dövlətin qəzəbindən qaçıb ya bir müddətə, ya həmişəlik gizlənə bilərsən, ancaq toplumun və Tarixin mühakiməsindən hara qaçacaqsan?! Sən təkcə öz konkret hədəfini efirdən təhqir etmirsən, səni eşidən, izləyən, dinləyən hər kəsi təhqir edirsən. Buna fürsətin, gücün varsa, o demək deyil ki, haqqın da var.

Bu fikrim əslində "söyüş qarşıdurması" tərəflərinin, cinahlarının hamısına aiddir: öz günahını nəinki özgələrə, heç özünə etiraf etməyə də gücün çatmırsa, onu başqalarının boynuna atacaq qədər gücsüz olduğunu niyə hamıya görk eləyirsən?! Ya da iki ayağını bir başmağa dirəyirsən: göz qabağında olanı göz görə-görə inkar edirsən. Hələ üstəlik bunu "alternativ fikir", "müstəqil düşüncə" adlandırırsan.

Belə də alternativ olar?! Burda nəinki müstəqil, heç hər hansı fikir, düşüncə yoxdur. Bu cür düşüncəsiz davranış isə ya kənar maraqdan qaynaqlanır, ya da, sadəcə, fərdi korazehinliyin əlamətidir.

Professor Saul Rozensveyqin ev siçanları üzərindəki elmi eksperimentinin isbatladığı kimi: beynini nə qədər az işlədirsənsə, o qədər tez sıradan çıxır.

Beyni çox işlətmək lazımdır, çənəni yox!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
bizimyol.info

1Mənbələr