Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: xalqın iradəsinə söykənən siyasi etimad ünvanı” adlı tədbir keçirilib.Tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər, Ulu Öndərin xatirəsini ehtiramla andılar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, şəhid anası Rahilə Ramazanova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər natiqlər partiyanın keçdiyi tarixi yoldan bəhs etdilər, Ulu Öndər Heydər Əliyevin ideyaları və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğur və nailiyyətlərdən söhbət açdılar.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır: “Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını və sarsılmaz olduğunu təsdiqləyir. Bu gün müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərirlər”.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xatırlatdı ki, 90-cı illərdə ölkəmizdə çox ağır vəziyyət olanda Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bu gün artıq məşhur olan bir ifadə işlətdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bu ifadənin səslənməsindən təxminən 30 il ötüb və bu gün biz Ulu Öndərin nə dərəcədə uzaqgörən dövlət xadimi olduğunun bir daha şahidi oluruq. Ulu Öndərin siyasi dahiliyi ondan ibarət idi ki, o gələcəyi görürdü.
Bildirildi ki, çox ağır dövrdə meydana gələn YAP-ın bu gün artıq 700.000 çox üzvü var. Yeni Azərbaycan Partiyası 1992-ci ildə ölkəmizin ən çətin və taleyüklü dövründə, xalqın təkidli tələbi ilə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaradılmışdır. Bundan dərhal sonra isə YAP-ın rayon təşkilatları təsis edildi. 20 fevral 1993-cü ildə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı fəaliyyətə başlamışdır. Qısa müddət ərzində Yasamal rayon təşkilatı rayonda YAP-ın güclü dayaqlarından birinə çevrilmişdir.
Bildirildi ki, bu gün YAP Yasamal rayon təşkilatı ilə Yasamal RİH arasında sıx əməkdşlıq münasibətləri var. 2025-ci ildə Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 56 tədbir həyata keçirilmişdir. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı 103 ərazi partiya təşkilatı olmaqla üzvlərinin sayı 33.700 nəfərədək artmışdır.
Xatırlatdı ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin tam dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Bu seçkilərədə seçici fəallığına görə isə Yasamal rayonu ölkə üzrə birinci olmuşdur.
Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olundu.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.Sonda bədii hissə təqdim olundu.