AZ

Gözəllik mərkəzində biabırçılıq Reklam naminə... (VİDEO)

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyət arasında ciddi narahatlıq və müzakirələrə səbəb olub. Kadrlarda Türkiyə ərazisində fəaliyyət göstərən gözəllik mərkəzlərindən birində təxminən 4-5 yaşlı qız uşağının dodağına dolğu prosedurunun tətbiq edildiyi iddia olunur. Azyaşlıya estetik müdaxilə edilməsi ilə bağlı yayılan bu görüntülər qısa müddətdə geniş auditoriyaya çataraq sosial mediada kəskin reaksiyalar doğurub. Bir çoxları azyaşlıların sağlamlığına və psixoloji durumuna potensial təsirləri qabardaraq məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmalı olduğunu vurğulayıb. Bununla belə, yayılan görüntülər cəmiyyətdə azyaşlılara yönəlik estetik prosedurların sərhədləri və bu sahədə nəzarət mexanizmlərinin yetərliliyi barədə geniş müzakirələrə yol açıb.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev deyib ki, belə bir məsələyə müsbət münasibət ola bilməz:“Məqsədin uşağın dodağına müdaxilə edilməsi olduğu başa düşülür, lakin bunun tam mahiyyəti aydın olmur. Ancaq istənilən halda bunun reklam olunması və gündəmə gətirilməsi doğru deyil və uşaq hüquqlarına zidd bir məsələdir. Bu, həm mənəvi, həm hüquqi, həm də etik baxımdan qəbulolunmaz bir faktdır və qınanmalı məqamlardan biridir. Ola bilər ki, hazırda müəyyən fiziki qüsur və ya məhdudiyyət mövcuddur. Əgər söhbət tibbi zərurətdən və ya fiziki problemin aradan qaldırılmasından gedirsə, bu halda məsələni müəyyən qədər anlamaq olar. Yox əgər məqsəd sadəcə reklam, diqqət çəkmək və ya zahiri gözəllik naminə edilən bir müdaxilədirsə, bu, gələcəkdə sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Həmçinin sosial təcrübə və cəmiyyətin etik dəyərləri baxımından bu, uşaq-valideyn münasibətlərində müəyyən bir uçurumun nümunəsi kimi qiymətləndirilə bilər”. O bildirib ki, belə bir faktın nümunəyə çevrilməsi cəmiyyət üçün arzuolunmazdır:“Xüsusilə bir qız uşağının, hətta iki yaşlı uşağın dodağına müdaxilə edilməsi gələcəkdə proqnozlaşdırılması çətin olan nəticələrə və problemlərə yol aça bilər. Burada məsələ təkcə tənqid və ya ictimai qınaqla bitməməlidir. İnzibati, hüquqi və sosial məsuliyyət də müəyyən edilməlidir. Çünki bu kimi hallar birbaşa olmasa da, dolayısı ilə ictimai təhlükəsizlik amilinə təsir göstərir. Belə məsələlərdə ictimai qınaq da qaçılmazdır. İnsanların buna münasibət bildirməsi təbiidir. Səbəb tam aydın olmasa da, istənilən halda zəruri tibbi ehtiyac olmadığı təqdirdə uşağın zahiri görünüşündə dəyişiklik yarada biləcək hər hansı kosmetik və ya digər müdaxilə arzuolunmaz və yolverilməzdir”.

Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
demokrat.az

1Mənbələr