Bakı, 18 fevral, Anara Axundova, AZƏRTAC
AZƏRTAC mədəniyyət xadimləri ilə süni intellektin (AI) yaradıcılıq sənətində istifadəsi ilə bağlı söhbətlərini davam etdirir. Bu gün rejissor Konstantin Soldatov ilə bu mövzuda söhbət edirik. Qonağımız teatr tamaşasında bu texnoloji alətdən istifadə təcrübəsini bölüşür, qarşıdan gələn AI müzikli haqqında danışır və süni intellektin yaradıcı mütəxəssisləri əvəz edə biləcəyini müzakirə edir.
Həmsöhbətimiz qeyd edir: “Mən süni intellekt haqqında çox müsbət düşünürəm. AI mənə çoxlu ideyalar verir. Evdə olduğum zaman mənə ideyalar verən mətnlər, filmlər və videolardan əlavə, melodiya və ya ritmlərdən ilham almaq üçün süni intellektdən istifadə edirəm. Bu yaxınlarda Gənclər Teatrında “Neft bumu hamıya gülümsəyir” tamaşasını səhnələşdirdim, parçaların əksəriyyəti süni intellektdən istifadə etməklə tapıldı. Tamaşanın xoreoqrafı Nigar İbrahimbəyli ilə birlikdə daim konkret bir səhnə üçün düzgün hərəkəti təklif edən bir ritm kəşf etdiyimizə sevinirdik. Video generasiyasından da fəal şəkildə istifadə edirəm. Üzərində işlədiyiniz personajın obrazını axtararkən, onun generasiyası mükəmməl vasitədir”.
Rejissorun sözlərinə görə, müasir teatrda süni intellektdən istifadənin məqsədəuyğunluğu ilə bağlı müzakirələr davam edir: “Düşünürəm ki, süni intellekt artıq həyatımızın ayrılmaz hissəsidir. Süni intellektdən istifadə etmək məqsədəuyğundurmu? Əlbəttə ki, bütün müəllif hüquqları ilə bağlı məsələlər həll olunarsa. Ən azından, aldığım abunəliklər müəllif hüquqlarımın olduğunu ehtiva edir. O zaman hər şey mahnı üçün etdiyim sorğudan asılıdır. Əlbəttə, “Ableton”da hər bir mahnını effektlər əlavə edərək təkmilləşdirirəm ki, tamaşada istifadə edə bilim”.
Konstantin Soldatov bildirib: “Yaxın gələcəkdə süni intellektlə işləyən bir neçə layihəyə başlayıram. Onlardan biri artıq hazırlanır; bu ilin mart ayının sonunda “Uçduq” süni intellekt müziklinin premyerası olacaq. Biz kameradan istifadə edirik. İfaçılar özlərini ekranda görür, tamaşaçılarla və bir-biri ilə qarşılıqlı əlaqədə olurlar. Musiqi generasiya olunsa da, tamaşada əsl vokal ifaları, canlı ifaçılar və həqiqi emosiyalar yer alır”.
Teatrda süni intellektin yaradıcı insanları əvəz edə biləcəyi barədə düşünən müsahibimiz bunun hazırda mümkün olmadığı qənaətinə gəlir.
“Belə başa düşürəm ki, bu gün bir vaxtlar insanlar tərəfindən yaradılan əsərləri toplayan bir vasitə ilə məşğuluq. Əsl virtual intellekt ortaya çıxan kimi, texnoloji irəliləyişlərin yeni dalğası başlayacaq. Bu mərhələdə rəqabət minimaldır”, - deyə rejissor vurğulayıb.